Bank Of Baku

Azərbaycanın Göyçay rayonunda “Nar bayramı” keçirilib

Azərbaycanın Göyçay rayonunda “Nar bayramı” keçirilib
# 05 noyabr 2009 12:26 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Bu gün Azərbaycanın Göyçay rayonunda növbəti “Nar bayramı” keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, bayram tədbirində Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ətraf rayonların icra başçıları, yerli və əcnəbi iş adamları da iştirak edib. Əvvəlcə qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri 25 kənddə narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nar və onlardan hazırlanan məhsulların sərgisinə tamaşa ediblər.

Daha sonra Heydər Əliyev Parkına nar ağacları əkilib, yeni ailə quran bəy və gəlinə, eləcə də ailə qurmalarının 50 illiyini (qızıl toy) qeyd edən şəxslərə hədiyyələr verilib.

Tədbirdə qeyd edilib ki, son iki ildə rayonda 1500 hektardan artıq yeni nar bağı salınıb. Keçən il rayonda 27 min ton nar tədarük olunub və yerli əhalinin büdcəsinə narçılıqdan 5 milyon manatdan artıq vəsait daxil olub. Bu gün Göyçayda 30-a yaxın nar sortu yetişdirilir. Narın şirəsindən və qabığından 20-ə yaxın xəstəliyin müalicəsində istifadə olunur. Bu meyvədən nar şərabı, nar şirəsi, nardança, narrüb, mürəbbə və digər qida məhsulları hazırlanır. Bu il narçılıqla məşğul olan kəndlilər 3500 hektar sahədən 30 min tona yaxın məhsul toplayıblar.

Bayram Mirzə Ələkbər Sabir adına parkda davam etdirilib. Burada folklor qruplarının çıxışları, məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. Bayram tədbirində tanınmış incəsənət ustaları çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR