Bank Of Baku

Marneulidə azərbaycanlıların təhsil aldığı yeni məktəb istifadəyə verilib

Marneulidə azərbaycanlıların təhsil aldığı yeni məktəb istifadəyə verilib
# 10 noyabr 2009 07:21 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneuli rayonunun Alget (Görarxı) kəndində Alget 2 saylı ictimai məktəbin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 250 şagird üçün nəzərdə tutulmuş məktəbin yeni binasının açılışı mərasimində Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya, Azərbaycanın Milli Məzlisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayonlararası xəstəxananın cərrahı Əmiraslan Atakişiyev çıxış ediblər.
Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya bildirib ki, məktəbin açılışı Gürcüstan dövlətinin azlıqlar yaşayan bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılmasına bir nümunədir. Nazir məktəb direktorlarının seçkisinə də münasibət bildirib: ”Biz Azərbaycan məktəblərində azərbaycanlı direktorların seçilməsi üçün istənilən şərait yaradacağıq. Seçkidə onlar üçün heç bir problem olmayacaq. Direktorluğa namizədlər öz ana dillərində imtahan verəcəklər. Əgər namizədlər ikinci dəfə də seçilməzsə, onda bu vəzifəyə təyinatla direktor göndəriləcək”.

Azərbaycanın millət vəkili Qənirə Paşayeva APA-ya bildirib ki, 4-5 ay əvvəl Alget kənd sakinləri kənddəki məktəbin acınacaqlı olması barədə məlumat veriblər: “Biz məktəbə gedib doğrudan da şagirdlərin oxuduğu sinif otaqlarının nəm olmasını, divarların uçduğunu, döşəmənin çürüdüyünü gördük. Məktəb antisanitariya vəziyyətində fəaliyyət göstərirdi. Həmin gün Kvemo-Kartlinin bölgə qubernatoru David Kirkitadze ilə məktəbin vəziyyətini müzakirə etdik. O, verdiyi sözə əməl etdi. Yaxın günlərdə isə rayonun Axlılələ kəndində yeni məktəbin tikintisinə başlanılacaq. Bununla bərabər bölgədə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrin köməyi ilə dövlət dilinin öyrədilməsi kursları daha da fəal fəaliyyət göstərəcək. Bu, gənclərimizin gürcü ali məktəblərinə qəbulunu asanlaşdıracaq, dövlət və hakimiyyət, digər strukturlarda soydaşlarımızın layiqli vəzifə tutmasına kömək edəcək. Gürcüstanın elm və təhsil naziri də bunu vurğuladı. O, bildirdi ki, azərbaycanlıların gürcü ali məktəblərinə qəbul olunması üçün 5 faizlik kvota ayrılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR