Bank Of Baku

Azərbaycan və Rusiya əmək miqrasiyası sahəsində əməkdaşlığa dair saziş imzalamağa hazırlaşır

Azərbaycan və Rusiya əmək miqrasiyası sahəsində əməkdaşlığa dair saziş imzalamağa hazırlaşır
# 10 noyabr 2009 15:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda “Azərbaycan hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair saziş” layihəsinin hazırlanması üzrə yaradılmış işçi qrupun növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclası giriş sözü ilə açan işçi qrupun həmsədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycanda müşahidə olunan iqtisadiyyatın inkişafı haqda məlumat verib. O, hazırda ölkədə Rusiya Federasiyasının investisiyası əsasında yaradılmış 250-dən çox müəssisənin, o cümlədən bu ölkənin hüquqi və fiziki şəxsləri ilə yaradılmış 360-dan çox birgə müəssisənin fəaliyyət göstərdiyini bildirib. Eyni zamanda N.Məmmədov Azərbaycanda fərdi icazə əsasında işləyənlərdən 216 nəfərin Rusiya vətəndaşları olduğunu qeyd edib.

N.Məmmədov çıxışında qeyd edib ki, layihəsi müzakirə edilən sazişdə əməkçi miqrant kimi fəaliyyət göstərən hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi və fəaliyyəti üçün əlverişli şərait yaradılması məqsədilə miqrasiya sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məsələsi əksini tapıb.

Rusiya Federal Miqrasiya Xidmətinin xarici əmək miqrasiyası idarəsinin rəis müavini Sergey Boldirev iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini deyərək, Rusiya hökumətinin Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu və bunun üçün müvafiq səylərin göstərdiyini diqqətə çatdırıb.

Sonra işçi qrup “Azərbaycan hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair saziş”in layihəsini geniş müzakirə edib və ətraflı fikir mübadiləsi aparılıb. İclasın yekunlarına dair protokol noyabrın 11-də imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR