Bank Of Baku

ADU-da “donuz qripi” ilə bağlı maarifləndirici tədbir keçirilib

ADU-da “donuz qripi” ilə bağlı maarifləndirici tədbir keçirilib
# 11 noyabr 2009 20:38 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetində (ADU) dünyada A/H1N1 qripi (“donuz qripi”) virusu ilə bağlı epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ADU-nun prorektoru Ələddin Əliyev, Azərbaycan Tibb Universitetinin “Yoluxucu xəstəliklər” kafedrasının dosenti Mirzamin Muxtarov, ADU-nun Mülki müdafiə kafedrasının müəllimləri, Tələbə Gənclər və Həmkarlar Təşkilatının üzvləri, həmçinin tələbələr iştirak edib.

Nəinki dünyada, artıq qonşu ölkələrdə də A/H1N1 virusun kütləvi ölümlə nəticələnən epidemiya halı alması vətəndaşlar arasında ciddi narahatlıq yaratdığını deyən Mirzamin Muxtarov tələbələrə virus haqqında məlumat verib: “A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. Uşaqlar, xüsusən də azyaşlı uşaqlar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilər. A/H1N1 virus tipi ilə xəstələndiyi təsdiq olunmuş şəxslər xəstəxanaya yerləşdirilmədiyi hallarda və ya xəstələnmə şübhəsi olan şəxslər ev şəraitində, ən azı xəstəliyin başlandığı ilk 7 gün ərzində təcrid edilməlidir”.

M.Muxtarov deyib ki, xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə, təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı gigiyena qaydalarına əməl etmək, yüksək hərarəti olan şəxslərlə təmasdan çəkinmək, sabun və su olmadıqda əlləri spirtli tampunla silmək, asqırdıqda və ya öskürdükdə ağzı salfet və ya dəsmalla örtmək, gözlərə, buruna, ağıza toxunmamağa çalışmaq, vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi artırmaq, xəstələnərkən evdə qalmaq və tibbi xidmətə müraciət etmək, həmçinin normal yuxuya riayət etmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR