Bank Of Baku

Misir Mərdanov: “Məktəblərdəki problemləri valideynlərin yaxından müdaxiləsi olmadan həll etmək mümkün deyil”

Misir Mərdanov: “Məktəblərdəki problemləri valideynlərin yaxından müdaxiləsi olmadan həll etmək mümkün deyil”
# 12 noyabr 2009 12:40 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov bu gün Bərdə rayonunda olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, o, fiziki sağlamlıqlarında qüsur olan şagirdlərin oxuması üçün rayonda yeni təşkil olunmuş inkiluziv təhsil məktəbinin açılışında iştirak edib. Məktəbdəki şəraitlə tanış olan M. Mərdanov valideynlərlə görüşüb və bildirib ki, hal-hazırda orta ümumtəhsil müəssisələrindəki problemləri valideynlərin yaxıdan müdaxiləsi olmadan həll etmək mümkün deyil: “Bu gün valideynlər tez-tez məktəbdə olmalıdır, məktəbin bütün problemlərinin həllində yaxından iştirak etməlidir. Hətta mən deyərdim, müəllimlərin seçilməsindən tutmuş direktorun seçilməsinə qədər bütün proseslərdə valideynlərin iştirakı olmalıdır”.

Jurnalistlərin məktəblərdə məskunlaşmış məcburi köçkünlərlə bağlı sualına cavab olaraq nazir bildirib ki, bu barədə Azərbaycan prezidentinin müvafiq fərmanı var və bu fərmana əsasən məktəblərdə məskunlaşmış köçkün ailələri normal həyat şəraiti ilə təmin edilib məktəb binalarından çıxarılacaq və həmin təhsil müəssisələri təmir edilib şagirdlərin ixtiyarına veriləcək.

Müəllimlərin işə götürülməsinə dair sualı təhsil naziri belə cavablandırıb: «Son illər şagirdlərin sayı azalıb, müəllimlərin isə say etibarilə çoxalması bizi narahat edir. Amma elə bir vaxt gələcək ki, müəllimin məktəbdə işləyib-işləməməsinə müəllimlər, şagirdlər və icma qərar verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR