Bank Of Baku

Ağsu orta əsr şəhər yerində geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılıb

Ağsu orta əsr şəhər yerində geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılıb
# 29 mart 2010 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “MİRAS” İctimai Birliyinin təşəbbüsü ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi əsasında tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu orta əsr şəhər yerində geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılıb. APA-nın məlumatına görə, mart ayı ərzində arxeoloqlar tərəfindən ərazidə 600 kv.m sahədə qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində XVIII əsrə aid çoxsaylı bina qalıqları, istehsalat ocaqları, şəhərin küçə və meydanlarından biri və zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. 300-ə yaxın mis və gümüş sikkə, daş və metaldan qəliblər, külli miqdarda metal külçə və istehsalat çıxarları, metalişləmə sənətində istifadə olunan alətlər tapılıb. Bütün bunlar həmin ərazidə əsasən metalişləmə sənətinin müxtəlif sahələri üzrə ixtisaslaşmış emalatxanaların mövcudluğundan xəbər verir. İçərisində qırmızı və çəhrayı rəngli boya qalıqları olan küplər və toz şəklində boyaq isə həmin ərazidə həm də boyaqçılıq emalatxanasının fəaliyyət göstərdiyinə dəlalət edir. Əldə edilmiş çoxsaylı şirli və şirsiz saxsı qab nümunələri, daş, sümük və şüşədən olan məişət və təsərrüfat əşyaları dulusçuluq, daş işləmə, sümükişləmə və şüşə məmulatı istehsalı sahələrinin geniş şəbəkəsinin mövcudluğunu təsdiqləyir. Tapıntılar içərisində digər yerlərdən gətirilmiş bir çox məişət əşyaları və bəzək nümunələri də var. Bunlar bəhs edilən dövrdə Ağsu şəhərinin dünyanın bir çox şəhərləri ilə ticarət və mədəni əlaqələrinin olduğunu göstərir.
İlkin tədqiqatlar bir daha təsdiq edib ki, Ağsu orta əsr şəhər yeri birtəbəqəli abidədir. Bu abidə Azərbaycanda və Qafqazda son orta əsr şəhər mədəniyyətinin öyrənilməsi baxımından çox mühüm elmi əhəmiyyət kəsb edir. Hazırda ərazidə tədqiqatlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR