Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatıb
# 29 mart 2010 12:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 4108 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 966-sı (23,52 faiz) qadın, 3142-si (76,48 faiz) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 63 yaşındadır.
İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i yeddinci təsnifatına, 25-i səkkizinci təsnifatına, 465-i isə doqquzuncu təsnifatına aid olub. Qeydə alınan namizədlərdən 2322-si inzibati vəzifələrin altıncı, 332-si inzibati vəzifələrin yeddinci, 19-u inzibati vəzifələrin səkkizinci, 1435-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələrə iddia edir.
Statistik göstəricilərə görə ən çox namizəd Əmlak Məsələləri Dövlət Komitəsi (116 yerə qarşı 604 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (62 yerə qarşı 325 namizəd), İqtisadi İnkişaf Nazirliyi (13 yerə qarşı 300 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (12 yerə qarşı 251 namizəd), Təhsil Nazirliyi (52 yerə qarşı 245 namizəd), Bakı Apellyasiya Məhkəməsi (21 yerə qarşı 243 namizəd), Dövlət Sosial Müdafiə Fondu (60 yerə qarşı 239 namizəd) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (29 yerə qarşı 207 namizəd) üzrə qeydə alınıb. Bu səkkiz dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 58.76 faizini təşkil edir.
Müsabiqə vəziyyətinə, yəni bir vakant yerə orta hesabla iddia edən namizədlərin sayına görə mərkəzi icra hakimiyyəti orqanları sırasında ilk yerləri İqtisadi İnkişaf Nazirliyi (1 yerə qarşı orta hesabla 23,08 namizəd) və Mədəniyyət və Turizm Nazirliyi (1 yerə qarşı orta hesabla 20,92 namizəd), məhkəmə orqanları sırasında isə Bakı Apellyasiya Məhkəməsi (1 yerə qarşı orta hesabla 11,57 namizəd) tutur.
Ən aşağı müsabiqə vəziyyəti Şəki Apellyasiya Məhkəməsi (1 yerə qarşı orta hesabla 1,9 namizəd), Dövlət Statistika Komitəsi (1 yerə qarşı orta hesabla 1,59 namizəd), Hacıqabul Rayon Məhkəməsi (1 yerə qarşı orta hesabla 1,5 namizəd) və Dövlət Mülki Aviasiya Administrasiyası (1 yerə qarşı orta hesabla 1,17 namizəd) üzrə qeydə alınıb. Müsabiqədə bir vakant vəzifə ilə iştirak edən Dövlət Dəniz Administrasiyası, Lənkəran, Şəmkir və Şəki Rayon Məhkəmələri üzrə yalnız bir namizəd qeydə alınıb, Xocalı Rayon Məhkəməsi üzrə isə heç bir namizəd qeydə alınmayıb.
Müsabiqənin test imtahanı mərhələsi 2010-cu ilin aprel ayının ikinci yarısından başlayacaq. Azərbaycanda ilk dəfə olaraq test imtahanı kompüter vasitəsi ilə keçiriləcək. Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR