Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərində orta və ümumi təhsil pillələri üzrə mərkəzləşmiş buraxılış imtahanlarının vaxtı elan edilib

Azərbaycanın ümumtəhsil məktəblərində orta və ümumi təhsil pillələri üzrə mərkəzləşmiş buraxılış imtahanlarının vaxtı elan edilib
# 14 may 2010 12:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Təhsil Nazirliyi (TN) ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə mərkəzləşmiş buraxılış imtahanlarının vaxtını elan edib. TN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında, iyunun 7-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında, iyunun 11-də Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında, iyunun 16-da isə Bakı və Sumqayıt şəhərlərində mərkəzləşmiş buraxılış imtahanları keçiriləcək.

Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanı iyunun 7-də olacaq. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.

Ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə buraxılış imtahanları isə iyunun 4-də
Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında, iyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında, iyunun 12-də Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında, iyunun 14-də isə Bakı və Sumqayıt şəhərlərində olacaq. Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə buraxılış imtahanının iyunun 8-də keçirilməsi qərara alınıb. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə təşkil olunacaq.

XI sinif şagirdləri buraxılış imtahanlarına şəxsiyyəti təsdiq edən sənəd əsasında buraxılacaqlar. Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaq. İmtahanda test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir. Əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən keçiriləcək. 50 test sualından 25-i ana dilinə, 25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə fənninə) aiddir. Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, əsas təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 1,5 saat vaxt ayrılır.

Əvvəlki dərs ilində buraxılış imtahanında müəyyən fənlərdən qeyri-kafi qiymət alan şagirdlər təkrar buraxılış imtahanında iştirak edə bilərlər. Onlar ancaq qeyri-kafi qiymət aldıqları fənlərdən imtahan verəcəklər. 2007-2008-ci dərs ilində buraxılış imtahanında qeyri-kafi qiymət almış, lakin 2008-2009-cu dərs ilində üzürlü səbəbdən imtahanda iştirak etməmiş şagirdlər də təkrar buraxılış imtahanında iştirak edə bilərlər.

Qeyd edək ki, əsas təhsil kursu üzrə şəhadətnaməsinə yazılacaq qiymətləri 2 (qeyri-kafi) olan IX sinif şagirdləri sentyabr ayının 2-dən 12-dək olan müddətdə TN tərəfindən müəyyən olunmuş məktəblərdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verəcəklər. Bununla bağlı onların oxuduqları məktəblərin rəhbərlərinə müraciət etmələri və yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq sənədlərin hazırlanması və vaxtında nazirliyə təqdim edilməsi vacibdir. Üzrlü səbəbdən payız imtahanında iştirak etməyən IX sinif şagirdləri sentyabrın 20-dək TN-in müəyyən etdiyi məktəbdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verəcəklər. Üzrsüz səbəbdən payız imtahanına gəlməyən şagirdlər təkrar sinifdə saxlanılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR