Bank Of Baku

Masallıda erkən nikahlarla bağlı regional tədbir keçirilib

Masallıda erkən nikahlarla bağlı regional tədbir keçirilib
# 15 may 2010 18:13 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Mayın 15-də Masallıda Beynəlxalq Ailə günü ilə əlaqədar “Məktəbli qızların erkən yaşda zorla ərə verilməsi və onlara qarşı ailədaxili zorakılığın qarşısının alınmasında insan hüquqlarının tədrisinin və ictimai vəkillik fəaliyyətinin rolu” mövzusunda regional elmi konfrans keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, “Dirçəliş” Gənclərin Sosial - Psixoloji Reabilitasiyası Mərkəzinin təşəbbüsü ilə reallaşan tədbirdə Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının icra strukturlarının və təhsil şöbələrinin nümayəndələri ilə yanaşı, valideynlər və məktəblilər də iştirak ediblər.
Konfransı giriş sözü ilə Masallı RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı açaraq, müzakirəyə çıxarılan məsələnin aktuallığından, bununla bağlı rayonda həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın “Erkən nikahların qarşısının alınmasında insan hüquqlarının tədrisi”, “Dirçəliş” Gənclərin Sosial - Psixoloji Reabilitasiyası Mərkəzinin rəhbəri İslam Baxşəliyevin “Erkən nikahın qarşısının alınmasında ictimai vəkillik fəaliyyətinin rolu”, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vaqif Abbasovun “Erkən nikahlar və təhsil problemi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) hüquq məsləhətçisi Zamin Məmmədovun “Erkən nikahların hüquqi nəticələri”, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Xalis Koyunçuoğlunun “Erkən nikahlara qarşı mübarizədə Türkiyə təcrübəsi” mövzusunda məruzələri dinlənilib.
Həm məruzələrdə, həm də ayrı-ayrı çıxışlarda erkən nikahların qarşısının alınmasında bütün ictimaiyyətin səylərinin birləşdirilməsinin və bu sahədə hüquqi bazanın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR