Bank Of Baku

Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 60% artıb

Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 60% artıb
# 17 may 2010 08:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu ilin birinci rübü ərzində təyin olunan əmək pensiyalarının orta aylıq məbləği 60%-dək artaraq 161,4 manat təşkil edib.

Dövlət Sosial Müdafiə Fondundan «APA-Economics»ə verilən məlumata görə, bu, cari ilin yanvar ayının 1-dən tətbiqinə başlanılan “Əmək pensiyaları haqqında” Qanuna edilən son əlavə və dəyişikliklərə əsasən ölkədə yeni təyin olunan pensiyaların orta aylıq məbləğinin əhəmiyyətli dərəcədə artmasının nəticəsidir.

Qeyd edək ki, yeni qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu. Əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi.

Yeni qaydalar isə bütün bu çatışmazlıqları tam aradan qaldırıb. Hazırda pensiya təyinatı aparılan şəxsə 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır. Sosial sığorta 1992-ci ildən tətbiq olunsa da, vətəndaşın bütün işlədiyi dövrə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.

Yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına da imkan verir və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu da yaxın gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR