Bank Of Baku

Azərbaycanda aylıq pensiyanın orta məbləği I rübdə 2% artıb və orta aylıq əmək haqqının 33%-ni təşkil edib

Azərbaycanda aylıq pensiyanın orta məbləği I rübdə 2% artıb və orta aylıq əmək haqqının 33%-ni təşkil edib
# 18 may 2010 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan 1 301,7 min nəfər pensiyaçının 65%-i yaşa görə, 24%-i əlilliyə görə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pensiyaçıların ümumi sayından 0,5%-ni cari ilin I rübü ərzində ilk dəfə qeydiyyata alınaraq pensiya təyin olunmuş şəxslər təşkil edib.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 101,02 manat olub və orta aylıq əmək haqqının 33%-ni təşkil edib.

Bundan başqa, cari ilin I rübündə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 411 mln. manat yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 10,4 mln. manat və ya 2,6% çoxdur. Vəsaitin 400,4 mln. manatını əhaliyə ödənilən pensiya, 10,6 mln. manatını isə müavinət xərcləri təşkil edib.

Müavinətlərin 4 mln. manatı hamiləliyə və doğuma görə, 3 mln. manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 2,1 mln. manatı dəfn üçün, 1,5 mln. manatı isə digər ödəmələrin payına düşür. Ümumiyyətlə, hesabat dövründə 294 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 17,7 min nəfər, əlilliyə görə - 92,9 min nəfər, ailə başçısının itirilməsinə görə - 33,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58 min nəfər təşkil edib.

Əmək pensiyasını almaq hüququ olmayan 56,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 952 nəfər qəyyumlarına, eləcə də 11,4 min ailəyə 22,1 min uşaq üçün müavinət verilib. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Bundan əlavə, 28 min nəfərə, o cümlədən 24,5 min nəfərə uşağın doğulmasına görə, 2,8 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, penitensiar xidmətdən azad olan 175 nəfərə və həyatını itirmiş 543 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 33,2 min nəfər təqaüd alıb.

Cari il aprel ayının 1-i vəziyyətinə ölkədə 165,7 min ailənin 757,1 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, yardımın 1 nəfərə düşən orta aylıq məbləği 25,09 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR