Bank Of Baku

Şəki və İsmayıllı Meşə Mühafizəsi və Bərpası müəssisələrinin rəhbərləri cəzalandırılıb

Şəki və İsmayıllı Meşə Mühafizəsi və Bərpası müəssisələrinin rəhbərləri cəzalandırılıb
# 13 avqust 2010 16:45 (UTC +04:00)
Bakı-APA. “Havaların həddindən artıq isti və quraq keçməsi, habelə bəzi vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində Respublikamızda bir sıra meşə yanğınları baş verib. Bunların qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlər görülür”.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olan məlumatda bildirilir. Məlumata görə, nazirliyin tabeçiliyində olan qurumlara – Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə, Dövlət Təbiət Qoruqlarına və Milli Parkların rəhbərlərinə yanğın təhlükəli dövr başa çatana kimi meşə ərazilərinə nəqliyyat vasitələrinin, kənar şəxslərin giriş-çıxışına müəyyən məhdudiyyət və qadağa qoyulması tapşırılıb. Ərazilərdə postlar qurulub, sutkalıq növbətçilik təşkil olunub. Meşələrin, təbiət ərazilərinin yanğından mühafizəsinə nəzarət gücləndirilib, bu işə digər dövlət qurumlarının və ictimaiyyətin qüvvələri cəlb edilib: “Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi vətəndaşlar meşə fondunda yanğın təhlükəsizliyi ilə bağlı aparılan tədbirləri pozur, bəzən də həyata keçirilməsinə maneçilik törədirlər. Onlar meşəyə giriş-çıxışın, tonqal yandırmağın qadağan olunması barədə meşə mühafizə işçilərinin tələblərinə məhəl qoymur və müqavimət göstərirlər. Belə xoşagəlməz hadisələrə İsmayıllı, Lerik, Yalama, Göy-göl, Şəki və digər rayonların meşə ərazilərində təsadüf olunub. Qanun pozuntuluğu barədə müvafiq aktlar tərtib edilib, əksər yerlərdə vətəndaşlar meşə mühafizə işçilərinə müqavimət göstərərək ərazini tərk etmək istəməmələri səbəbindən onlar inzibati üsullarla ərazidən uzaqlaşdırılıb.
Meşə ərazilərinə nəqliyyat vasitələrinin və kənar şəxslərin giriş – çıxışına məhdudiyyət qoyulması barədə nazirliyin tapşırıqlarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə Şəki və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin rəhbərləri barəsində intizam tənbehi tədbirləri görülüb. Təbiəti qorumaq hər birimizin borcudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümidvar olduğunu bildirir ki, xalqımız, vətəndaşlarımız, geniş ictimaiyyət meşələri qorumaq üçün bütün qüvvələri səfərbər edəcəkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR