Bank Of Baku

Naxçıvanda Azərbaycan tarixinin daha da qədim olduğunu sübut edən nadir eksponatlar tapılıb

Naxçıvanda Azərbaycan tarixinin daha da qədim olduğunu sübut edən nadir eksponatlar tapılıb
# 19 avqust 2010 09:23 (UTC +04:00)
Ekspedisiyanın rəhbəri Səfər Aşurov APA-ya açıqlamasında bildirib ki, I Maxta abidəsində bu il ərzində qazıntılar genişləndirilib və ümumi tədqiq olunan sahənin həcmi 300 kvadrat metrə çatıb. Qazıntı sahəsində dairəvi və düzbucaqlı tikililərin qalıqları, ocaq qalıqları və təsərrüfat tikililərinin qalıqları aşkarlanıb: “Düzbucaqlı tikililərin aşkar edilməsi daha maraqlı faktlardan biridir. Çünki son zamanlaradək belə bir fikir mövcud idi ki, düzbucaqlı tikililər eneolit, dairəvi tikililər isə ilk tunc dövrünə aiddir. I Maxta abidəsində aparılan tədqiqatlar isə təsdiq edir ki, ilk tunc dövrünün başlanğıc mərhələsində dairəvi tikililərlə yanaşı, düzbucaqlı tikililərdən də istifadə olunub”.

S. Aşurov deyib ki, builki tədqiqatlar zamanı I Maxtadan müxtəlif çeşidli keramika məmulatı, toxuculuq alətləri, gil qadın və heyvan fiqurları da aşkarlanıb. Ən mühüm tapıntı isə tunc dövrünün başlanğıcına aid, metal istehsalı ilə bağlı olan daş qəlibdir: “Kür-Araz mədəniyyəti abidələrindən indiyədək belə bir qəlib əldə edilməyib. Qəlibin üzərində üç ədəd balta və iki ədəd digər alətin tökülməsi üçün forma qazılıb. Qəlibin daşdan hazırlanması onun tarixi qiymətini bir daha artırır. Gil qəliblərdən fərqli olaraq, daş qəlibin daşınması praktik olaraq mümkün deyil. Bu isə bir daha təsdiq edir Ki, Naxçıvan ərazisi ilkin metal emalı mərkəzlərindən olub. I Maxta abidəsində aparılan tədqiqatlar təsdiq edir ki, Kür-Araz mədəniyyəti özündən əvvəlki eneolit mədəniyyəti zəminində yaranıb və sonrakı mərhələdə məhz Naxçıvan ərazisindən geniş bir areala yayılıb.

S. Aşurov deyib ki, Şimali Qafqazdan Suriya və Fələstinədək geniş bir coğrafi ərazidə yayılmış Kür-Araz mədəniyyətinin (e.ə IV-III minilliklər) ən zəngin abidələri Naxçıvan ərazisindədir. Bu abidələrin tədqiqi Kür-Araz mədəniyyətinin ilkin ocağının, tarixinin, yayılma istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Ekspedisiya artıq üç ildir ki, bu abidələrdən biri olan I Maxtada tədqiqatlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR