Bank Of Baku

Lənkəranda qadın problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib

Lənkəranda qadın problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib
# 05 may 2011 20:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. BMT və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə mayın 5-də Lənkəran şəhərində qadın problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun hüquq mühafizə orqanları əməkdaşlarının, təhsil, səhiyyə bələdiyyə, dini qurumların, yerli qadın və gənclərdən ibarət QHT-lərin nümayəndələrinin iştirak etdikləri tədbirdə gender bərabərliyi, ailə zorakılığı, bunların yaratdığı fəsadlar haqqında geniş söhbət açılıb, bu problemlərin həlli yolları müzakirə obyektinə çevrilib. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxışında 2010-cu ildə Azərbaycanda dünyaya gələn 152 min uşağın 26 mininin qeyri-rəsmi nikahdan olduğunu qeyd edib. Onun sözlərinə görə, respublika üzrə ilk dəfə Lənkəranda ailə zorakılığından əziyyət çəkən qadınlar üçün sığınacaq tipli mərkəz yaradılır. Bunun da başlıca məqsədi ölkədə ailə institutunu qorumaq, ailə zorakılığı faktlarının qeydə alındığı ailələrin dağılmasının qarşısını almaqdan ibarət olacaq.

Tədbirdə o da bildirilib ki, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə əməkdaşlığı ilə Azərbaycanın daha 4 regionunda məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq tipi mərkəzlərin yaradılmasına başlanıb. Bu mərkəzlərdə peşəkar psixoloqlar, həkimlər və ailə zorakılığından zərərçəkmişlərə hüquqi və mənəvi yardımlar göstərəcək təcrübəli mütəxəssislər çalışacaqlar. İlk belə sığınacaq tipli mərkəz bu ilin yay aylarında Lənkəranda işə başlayacaq.

Dəyirmi masada çıxış edən AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyi və ailə zorakılığı ilə bağlı müvafiq normativ-hüquqi sənədlərin qəbul edildikdən sonra bu sahədə müəyyən nailiyyətlərin qazanıldığını, cinsi ayrı seçkiliyin aradan qaldırılması, ailə zorakılığının, erkən nikahların qarşısının alınması sahəsində Azərbaycan hökumətinin BMT və digər beynəlxalq qurumlarla sıx əməkdaşlığı nəticəsində ölkəmizdə bu cür faktların ildən-ilə azaldığını bildirib.

Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR