Bank Of Baku

Kəmaləddin Heydərov: “Kür çayı boyunca daim işləyəcək ilk gəmi bu yaxınlarda Azərbaycana gətiriləcək”

Kəmaləddin Heydərov: “Kür çayı boyunca daim işləyəcək ilk gəmi bu yaxınlarda Azərbaycana gətiriləcək”
# 11 may 2011 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA. “Bildiyiniz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi nəzdində Su Ehtiyatları üzrə Dövlət Agentliyi yaradılıb ki, ölkədə suların ehtiyatlarının idarə olunması bu agentlik tərəfindən həyata keçirilir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov verib.

O hazırda ölkədə daşqın və sel təhlükəsinin olmadığını vurğulayıb: “Hazırda Mingəçevir su anbarında suyun səviyyəsi 78,2 metrdir, keçən ilin bu dövründə isə bu rəqəm 82 metr təşkil edirdi. Su ehtiyatları ötən il də idarə olunurdu, amma bu iş koordinasiyalı şəkildə həyata keçirilmirdi. Bu gün Kür çayında daşqın və subasma ilə bağlı problem yoxdur. Yalnız bəzi rayonlarda qrunt sularının səviyyəsinin qalxması müşahidə olunur. Amma daşqın faktı yoxdur, əminliklə deyə bilərik ki, bu il Kür çayında daşqınlar olmayacaq. Bildiyiniz kimi, keçən il Araz çayının bir qolunu açdıq. Çünki bundan əvvəl su anbarına normadan çox su buraxılmışdı. Araz çayının qolunun açılması zəruri və lazımlı addım idi. Əgər bundan sonra Araz çayına gur su axını daxil olarsa, şlüzlərdən istifadə edib, su ehtiyatlarını idarə edəcəyik”.

Nazir qrunt sularının səviyyəsinin qalxması faktının əhalini narahat etdiyini deyib: “Artıq Kür çayı boyunca daim işləyəcək gəmilərin alınmasına dair qərar qəbul etmişik. İlk belə gəmi bu günlərdə Azərbaycana gətiriləcək. Son 10 il ərzində Kür çayının bütün istiqamətlərində dibinin bir metr qalxması və çayın lildən təmizlənməməsi təbii fəlakətlərə səbəb olur, əhalinin, bələdiyyələrin torpaqlarına ciddi ziyan vururdu. Alacağımız və Kürdə daim işləyəcək gəmilər Kürün dibini 1-2 metr aşağı salacaq, nəticədə qrunt sularının səviyyəsinin qalxması dayanacaq. Eyni zamanda bu addım çaylarda daşqınların baş verməsinin də qarşısını almış olacaq”.

Nazir daşqın və sel təhlükəsi olan bölgələrdə yeni bəndlərin tikildiyini deyib: “Ötən il baş verən sel və daşqınlar bəzi yerlərdə torpaqların boşalmasına səbəb olmuşdu, bunun qarşısını almaq üçün yeni bəndlər tikilir. Həmçinin dağ çaylarının daşması nəticəsində əhaliyə ziyan dəyməsin deyə, dağlıq bölgələrdə də belə bəndlərin tikintisi davam edir”.

Kəmaləddin Heydərov su anbarlarının idarə olunmasına xüsusi diqqət yetiriləcəyini deyib: “O ki qaldı Yenikənd, Şəmkir, Varvara, Mingəçevir su anbarlarına – burada su ehtiyatlarının idarə olunması prosesinin həm keyfiyyətinə, həm də anbarların mühafizəsinə ciddi nəzarət yetiriləcək. Su ehtiyatlarının zərərli maddələrdən tam şəkildə təmizlənməsi üçün də zəruri tədbirlər planı hazırlanır. Artıq bu istiqamətdə işlərə başlamışıq, bunun nəticəsini yaxın zamanlarda görəcəksiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR