Bank Of Baku

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcək - YENİLƏNİB

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcək - <font color=red>YENİLƏNİB</font>
# 13 may 2011 09:30 (UTC +04:00)
APA-nın məlumatına görə, Komitənin sədri, baş nazirin müavini Əli Həsənov belə məlumatların nə məqsədlə araşdırıldığını aydınlaşdırmaq üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl yerli mətbuatda Firudin Cəlilov və Eldar Namazova istinadən «Qaçqınkom»un yeni binaya köçürülməsi zamanı Ermənistandan olan qaçqınların şəxsi mülkiyyət sənədlərinin yandırıldığı barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həmin sənədlərin yandırılması qaçqınları Ermənistan dövlətini məhkəməyə vermək imkanından məhrum edir.

Ə. Həsənov isə bu gün YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında bu məlumatları qəti surətdə təkzib edib: “Bu məlumatı mətbuata Xalq Cəbhəsi vaxtında nazir işləmiş Firudin Cəlilov və vaxtilə Azərbaycanın Prezidenti Aparatında çox yüksək vəzifə tutmuş Eldar Namazov verib. Bu məqalə ilə tanış olanda belə insanların bu cür yalan və böhtan yaymağına çox təəccübləndim. Onların hər ikisi ziyalı və yüksək vəzifədə işləmiş adamlardır. Xüsusilə Firudin Cəlilovdan indiyədək qeyri-obyektiv fikir eşitməmişəm. Eldar Namazov isə yüksək post tutub, çox məlumatlı şəxsdir. Əvvəlcə mən bu məlumatlara reaksiya vermədim, amma sonra gördüm ki, eyni məlumatları başqa mətbuat orqanları da yayıb, əslən Qərbi Azərbaycandan olanlar, özlərini qəhrəman kimi göstərmək istəyənlər isə buna reaksiya verməyə başlayıblar”.

Əli Həsənov deyib ki, qaçqınların şəxsi mülkiyyət sənədlərinin guya “Qaçqınkom”da saxlanması barədə məlumatlar ümumiyyətlə doğru deyil: “Məndən əvvəlki dövrdə heç bir qaçqın şəxsi mülkiyyət sənədini komitəyə verməyib. Ermənistandan olan bir qaçqın tapsınlar ki, şəxsi mülkiyyət sənədini komitəyə təhvil verib. Bu absurddur. Şəxsi mülkiyyət sənədi hamının evində qiymətli sənəd kimi saxlanır. Elə mən də evimin mülkiyyət sənədini evimdə saxlayıram”.

Ə. Həsənovun sözlərinə görə, Dövlət Komitəsinin arxivi o komitə sədri təyin olunandan sonra yaradılıb və indi bütün sənədlər bu arxivdə saxlanır. E. Namazovun QMKİDK-nın arxivi ilə tanış olmaq üçün şərait yaradılması barədə təklifinə gəlincə, Ə. Həsənov arxivin açıq olduğunu və istənilən şəxsə bu sənədlərlə tanış olmaq imkanı verildiyini bildirib: “Bizim arxiv açıqdır, təklif edirəm ki, jurnalistlər Eldar Namazovu da dəvət edib, elə burdan gedib, arxivlə tanış olsunlar”.

Komitə sədrinin sözlərinə görə, bu arxivdə təkcə komitəyə daxil olan yox, vaxtilə Qaçqınlar Cəmiyyəti tərəfindən toplanmış sənədlər də saxlanır: “Vaxtilə həmin təşkilatın rəhbəri o sənədləri mənə gətirdi, biz bu sənədlərin hamısından istifadə etməklə 2 kitab buraxdıq, sənədlər özü də indi arxivdə saxlanılır”.

Ə. Həsənov Ermənistan qaçqınlarının Ermənistanı məhkəməyə verilməsi prosesinə komitə tərəfindən ciddi dəstək göstərildiyini də bildirib. Onun sözlərinə görə, heç bir əsas olmadan belə məlumatların yayılması Ermənistandan olan qaçqınların dövlətə qarşı qaldırmaq cəhdindən başqa bir şey deyil: “Burada söhbət Qərbi Azərbaycandan olan insanların hissiyyatına toxunaraq, onlarda dövlətə qarşı narazılıq yaratmaqdan gedir”.

Komitə sədri bu bəyanatla çıxış edəndən sonra mətbuat konfransındaca, tədbirdə iştirak edən Nazirlər Kabinetinin Qaçqınlarla iş şöbəsinin müdiri Qurban Sadıqova bununla bağlı məktub hazırlamaq barədə tapşırıq verib. Müraciətdə belə məlumatları yayan mətbuat orqanlarının fəaliyyətinin araşdırılması da xahiş olunacaq.

“Son 1 həftə ərzində kim Qərbi Azərbaycanlıların mülkiyyət sənədlərinin yandırıldığı barədə yalan, böhtan, iftira xarakterli yazıbsa, hansı qəzet bunu yoxlamadan, insanlarda çox ciddi narazılıq yarada biləcək materialı dərc edibsə, onların araşdırılmasını və tədbir görülməsini xahiş edirəm. Qoy araşdırılsın ki, bu məlumat ortaya nə məqsədlə atılıb və belə məlumatları dərc edənlər bunu hansı məqsədlə ediblər”, - deyə Ə. Həsənov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR