Bank Of Baku

Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayətlərin çoxu məktəb direktorları ilə bağlı olub

Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayətlərin çoxu məktəb direktorları ilə bağlı olub
# 13 may 2011 15:06 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt”inə 1824 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin 198-də təhsil müəssisələrində yol verilmiş nöqsanlardan bəhs edilir. Şikayət məzmunlu müraciətlərin çoxu ümumtəhsil məktəbləri ilə əlaqədar olub. Bakı şəhər ümumtəhsil məktəblərindən 57, digər şəhər ümumtəhsil məktəblərindən 20 (Gəncədən 5, Sumqayıtdan 14, Naftalan 1), Abşeron rayonundan 10, Lerikdən 6, Ağcabədidən 4, Cəlilabad, Biləsuvar, Şamaxı, Bərdə və Ağdam rayonlarının hər birindən 3, Yardımlı, Qəbələ və Daşkəsən rayonlarının hər birindən 2, Ağstafa, Qazax, Cəbrayıl, Lənkəran, Balakən, Kürdəmir, Göygöl, Zaqatala, Kəlbəcər, Şabran, Ağdaş, Saatlı, Qobustan, Ucar, Goranboy, Quba, Beyləqan və İmişli rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, imtahan və olimpiada nəticələrindən apellyasiya, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqlarından qanunsuz tutulmalarla əlaqədardır.

Ötən ay məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar “Qaynar xətt”ə daxil olan şikayətlərin sayı mart ayına nisbətən 2 dəfə çox olub. 26 müraciətin 22-si Bakı, 2-si Sumqayıt şəhərlərindən və 1-i Lerik rayonundan edilib. Bu müraciətlər uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, müxtəlif tədbirlərin keçirilməsi üçün tələb olunan vəsait, məktəbəqədər müəssisələrin iş rejiminin valideynlərin iş saatları ilə uyğun gəlməməsi və digər mövzuları əhatə edir. Məktəbdənkənar tərbiyə müəssisələri ilə bağlı 2 şikayət xarakterli müraciət qəbul olunub. Texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 1, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 7, özəl ali təhsil müəssisələri ilə əlaqədar 26 müraciət daxil olub.

Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin gecikdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı məsələlər əksini tapıb.

Özəl ali təhsil müəssisələrindən daxil olmuş 26 müraciətdən 1-i Odlar Yurdu (diploma rüsum istənilməsi haqqında), 1-i Təfəkkür (ABU-dan köçürülən tələbələrin təhsil haqqı ilə əlaqədar), 24-ü isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. Azərbaycan Beynəlxalq Universitetindən daxil olan müraciətlərdə bu təhsil müəssisəsinin sabiq tələbələrinin sənədlərinin verilməsində yaranan problemlərdən bəhs olunur.

Nazirlikdən bildirilib ki, müraciətlər araşdırılıb və qaldırılmış məsələlərin 90 faizindən çoxu öz həllini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR