Bank Of Baku

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru: “Kəndlərdə rəqəmsal uçurumun aradan qaldırılması üçün şəbəkəyə çıxışın mexanizmləri yaradılmalıdır”

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru: “Kəndlərdə rəqəmsal uçurumun aradan qaldırılması üçün şəbəkəyə çıxışın mexanizmləri yaradılmalıdır”
# 17 may 2011 10:15 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti” gününə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev informasiya cəmiyyəti quruculuğu sahəsində qarşıda duran vəzifələr və perspektivlər haqqında danışıb. O bildirib ki, bu il əlamətdar gün “Kənd yerlərində informasiya-kommunikasiya texnologiyaları ilə həyat daha yaxşıdır” devizi altında keçirilir.

R. Əliquliyev deyib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı Şurası tərəfindən verilən bu qərar informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə etməklə kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Hazırda dünyada 3,5 milyarda yaxın insanın kənd yerlərində yaşadığını deyən institut direktoru, onlardan yalnız 1,4 milyardının texnoloji üstünlüklərdən minimum istifadə edə bildiyini söyləyib: “Bu, yolverilməz haldır. Kənd yerlərində “rəqəmsal uçurum”un aradan qaldırılması üçün şəbəkəyə çıxışın mexanizmləri yaradılmalıdır”.

“Əşyaların interneti: mahiyyəti, perspektivləri və problemləri” mövzusunda çıxış edən institutun böyük elmi işçisi Rasim Mahmudov isə bəyan edib ki, növbəti inkişaf mərhələsi kompüter şəbəkələrindən əşyaların şəbəkəsinə keçmək, “əşyaların internetini” yaratmaq məqsədi daşıyır: “Əşyaların interneti konsepsiyasında təkcə insanlarla əşyalar arasında deyil, əşyaların öz aralarında da əlaqələrin qurulması nəzərdə tutulur. Bu konsepsiyanın reallaşacağı təqdirdə yaxın gələcəkdə internet-protokolu ünvanı olmayan əşya tapmaq çətin olacaq”. R. Mahmudov 3-5 ildən sonra sensor şəbəkəsinin insanların həyat tərzinə daxil olacağını qeyd edib.

Konfrans digər iştirakçıların çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR