Bank Of Baku

Macarıstanda “Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili”, “Azərbaycanca-macarca danışıq kitabçası” və “Azərbaycan” kitablarının təqdimatı keçirilib - FOTO

Macarıstanda “Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili”, “Azərbaycanca-macarca danışıq kitabçası” və “Azərbaycan” kitablarının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 16 iyun 2011 10:14 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə çap olunmuş “Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili” (Kamal Abdulla, Mariya Keneşi), “Azərbaycanca-macarca danışıq kitabçası” (Mariya Keneşi) və “Azərbaycan” (Borbala Obruşanski) kitablarının təqdimat mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimi giriş sözü ilə səfir Vilayət Quliyev açıb. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün geniş qeyd edildiyi bir vaxtda tanıtma xarakterli belə kitabların əhəmiyyətinin daha da artdığını vurğulayıb.
Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdulla, Budapeştdəki ELTE Universitetinin müəllimi Mariya Keneşi, “Avrasiya araşdırmaları” jurnalının redaktoru, tarixçi Borbala Obruşanski müəllifləri olduqları kitablar haqqında mərasim iştirakçılarına ətraflı məlumat veriblər. Onlar Budapeştdə, macar dilində çap olunmuş bu kitabların Azərbaycan tarixinə və mədəniyyətinə etibarlı körpü olacağı ilə bağlı ümidlərini ifadə ediblər. Eyni zamanda iki ölkə alimləri arasında son illərdə geniş vüsət alan yaradıcılıq əməkdaşlığının Azərbaycan və macar mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi yolunda mühüm stimula çevrildiyini bildiriblər.
Dünya miqyasında tanınan türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının akademiki Georq Xazai, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva çıxışlarında nəşr olunan kitabların əhəmiyyəti barəsində danışıblar. Son illərdə Macarıstanda türk, eləcə də Azərbaycan dilinə və ədəbiyyatına marağın əhəmiyyətli dərəcədə artdığı qeyd olunmuşdur. Professor Kamal Abdulla təqdimat mərasimi iştirakçılarının Azərbaycanda türkologiya elminin inkişafı ilə bağlı bir sıra suallarını cavablandırıb.
Təqdimat mərasimində Macarıstan Elmlər Akademiyasının əməkdaşları, Korvinus və ELTE universitetlərinin müəllim və tələbələri, diplomatik korpusun təmsilçiləri, media nümayəndələri iştirak ediblər. Səfirlikdə eyni zamanda mərasim iştirakçıları üçün qəbul da təşkil olunub.
Kamal Abdullanın Budapeştə səfəri çərçivəsində Korvinus Universitetində də “Gəlin Azərbaycan dilində danışaq” kitabının təqdimatı keçirilib. Universitet rektorlarının görüşündə müvafiq şəkildə bu ali məktəblərdə Azərbaycan və macar mədəniyyəti mərkəzlərinin yaradılması barəsində razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR