Bank Of Baku

Qəbələdə “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Qəbələdə “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib
# 24 iyun 2011 12:39 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Qəbələ şəhərində “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirib. APA-nın yerli bürosunun xəbərinə görə, səhiyyə və kənd təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, rayon İcra Hakimiyyətinin, ictimai təşkilat nümayəndələrinin və 120-dən çox istehlakçının iştirak etdiyi konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyətini vurğulayıb. Bildirib ki, Dövlət Xidməti tərəfindən bu ilin 5 ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 10 adda 20 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanılıb. Tədbirdə bildirilib ki, 2011-ci ilin yanvar-may ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 56,6 tondan çox müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu dövrdə qanun pozuntusuna yol verən sahibkarlıq subyektləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 449,8 min manat cərimə edilib. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 139,8 min manat maliyyə sanksiyası tətbiq olunub. Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, “Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Tədbirdə istehlakçı hüquqlarına dair bukletlər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR