Bank Of Baku

“Doktorantura təhsilinin dövlət standartı və proqramı”nın ilkin variantı hazırlanıb

“Doktorantura təhsilinin dövlət standartı və proqramı”nın ilkin variantı hazırlanıb
# 03 fevral 2012 12:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda “Doktorantura təhsilinin dövlət standartı və proqramı”nın ilkin vairiantı hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi məlumata görə, Təhsil Nazirliyi tərəfindən hazırlanan layihə AMEA ilə birgə müzakirə olunacaq. Bundan sonra yekun variant Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq.

S. Abbasoğlu deyib ki, doktorantura ilə bağlı təhsil standartı “Təhsil haqqında” qanuna uyğun hazırlanıb və doktorantura təhsili sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və bəşəri dəyərlər nəzərə alınmaqla müəyyən dövr üçün müvafiq dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.

Dövlət standartı tabeliyində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən və tərkibində doktoranturalar yaradılan bütün ali təhsil müəssisələri və elmi təşkilatlara şamil ediləcək. Dövlət standartları müvafiq idarəetmə orqanları, tərkibində doktoranturalar yaradılan elmi təhsil müəssisələri və elmi təşkilatları, lizenziyalaşdıran və akkreditasiya edən komissiyalar və orqanlar, sifarişçilər və işəgötürənlər, ixtisaslar üzrə tədris-metodik bölmələr tərəfindən istifadə edilə bilər. Dövlət standartı doktorantura təhsilinin məzmununu, strukturunu, doktoranturanın təhsil mühitinə, maddi-texniki bazasına, təhsil proqramlarının hazırlanmasına, tədris-metodiki və informasiya təminatına, praktikaların təşkilinə və s. verilən tələbləri müəyyən edib. Təhsil verənlərin təhsil göstəriciləri və təhsil alanların bilik, bacarıq vərdişlərinin səviyyəsinə verilən tələblər də yeni standartlarda öz əksini tapıb. “Doktorantura təhsilinin dövlət standartı və proqramı”na uyğun olaraq ali təhsilin doktorantura səviyyəsində müvafiq təhsil proqramları tərtib ediləcək. Standartlar yeni “Təhsil qanunu”nda nəzərdə tutulmuş yüksək ixtisaslı kadr hazırlığı anlayışları - doktorantura, doktorantın statusu, akademik təqvim, dissertasiya, fəlsəfə doktoru kimi anlayışların sərhədlərini də dəqiqləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR