İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın neft satışına tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etmək qərarı ilə müharibənin başa çatmasına dair 2026-cı il 18 iyunda İslamabadda imzalanmış memorandumun 10-cu bəndinin açıq şəkildə pozulduğunu bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda qeyd olunub ki, razılaşmanın imzalanmasından 20 gün keçməmiş atılan bu addım ABŞ-ın “pis niyyətli, qeyri-sabit və etibarsız” olduğunu göstərir.
İran XİN həmçinin bildirib ki, ABŞ bu müddət ərzində birbaşa və ya İsrailin Livana qarşı addımları vasitəsilə razılaşmanın müddəalarını bir neçə dəfə pozub.
Bəyanatda vurğulanıb ki, İran memorandumun imzalanmasından sonra öhdəliklərinə xoş niyyətlə əməl edib, ABŞ isə öz öhdəliklərini pozmaqla yanaşı, bu addımlarına bəraət qazandırmağa çalışıb.
İran Xarici İşlər Nazirliyi sonda bəyan edib ki, ölkə öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görəcək.
Qeyd edək ki, ABŞ administrasiyası İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etməkdə ittiham olunan hərəkətlərindən sonra Tehrana qarşı mümkün nəticələrin olacağını bəyan edib. Vaşinqton İranın neft sektoruna tətbiq edilən sanksiyaların avqustun 21-dək yumşaldılmasını nəzərdə tutan qərarı ləğv edib.