Bank Of Baku

Qəbələdə Azərbaycan-Litva ikitərəfli əlaqələrinə həsr olunmuş konfrans keçirilib

Qəbələdə Azərbaycan-Litva ikitərəfli əlaqələrinə həsr olunmuş konfrans keçirilib
# 27 avqust 2012 10:04 (UTC +04:00)
Bakı-APA. Avqustun 26-da Qəbələ şəhərində yerləşən “Qafqaz Resort Hotel”ində azərbaycanlı və litvalı gənclərin iştirakı ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə həsr olunmuş konfrans keçirilib. APA-nın xəbərinə görə, konfrans Azərbaycan və Litva gənclərinin yay düşərgəsi çərçivəsində təşkil edilib. Tədbirdə litvalı gənclərə Azərbaycan haqqında geniş informasiya çatdırılıb, Vergilər, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri ölkəmizdə həyata keçirilən gənclərlə bağlı dövlət siyasəti, Azərbaycanın təhsil sistemi, Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirdə ictimai birliklərin, gənclər təşkilatlarının nümayəndələri də çıxış ediblər. “İrəli” ictimai birliyinin nümayəndəsi Azər Abdullayev, Litvada “AYOL” azərbaycanlı gənclərin təşkilat rəhbəri Samir Musayev ölkəmizdə gənclər təşkilatlarının fəaliyyətindən danışıb, litvalı gəncləri təmsil edən Qrete Svegzdaite və Darius Skuseviçius isə öz ölkələrində həyata keçirilən gənclər və təhsil siyasətləri ilə bağlı təqdimatlar ediblər.

Avqustun 27-də Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsi çərçivəsində işçi seminar keçirilib. “Beyin fırtınası” (“Brain storming”) mexanizmi əsasında təşkil edilmiş tədbirdə iştirakçıların kreativ və yaradıcı yanaşması əsasında Azərbaycan və Litva gəncliyi arasında əlaqələrin qurulması, iki ölkə arasında əlaqələrin perspektivi barədə fikir mübadiləsi aparılıb.

“Qafqaz Resort Hotel”indəq təşkil edilmiş tədbirin moderatorları Azərbaycan tərəfdən millət vəkili Ceyhun Osmanlı və Litva tərəfdən Sosial demokratlar Partiyasının Gənclər təşkilatının sədri Juras Pozelas olub.
Tədbirdə gənclər təşkilatları arasında əlaqələrin qurulması, bu sahədə gələcəkdə həyata keçiriləcək təşkilati məsələlərlə bağlı təqdimatlar keçirilmiş, fikir mübadiləsi aparılıb. Tədbirdə səsləndirilən maraqlı ideyalar toplanıb, gələcək fəaliyyət üçün faydalı fikirlərdən istifadə edilməsi qərara alınıb.

Yay düşərgəsinin iştirakçıları Qəbələ rayonunun tarixi və gəzməli yerlərinə ekskursiyalar da ediblər.

Qeyd edək ki, sözügedən konfrans iki ölkənin gəncləri arasında əlaqələri daha da genişləndirmək, kreativ düşüncəli gənclər arasında fikir mübadiləsi aparmaq və gələcəkdə ikitərəfli əlaqələrin inkişafında gənclərin rolunu artırmaq məqsədini daşıyıb.

Yay düşərgəsinin iştirakçıları daha bir neçə gün Qəbələdə qalacaq, sonra Nabrana gedəcəklər. Yay düşərgəsi çərçivəsində gənclərin iştirakı ilə mədəniyyət gecəsi, müxtəlif intellelktual və əyləncəli oyunlar keçiriləcək, Qəbələ, Şəki və Quba rayonlarının tarixi və gəzməli yerlərinə ekskursiyalar, Qubadakı kütləvi soyqırımı məzarlığına ziyarət təşkil ediləcək.

Xatırladaq ki, yay düşərgəsinin təşkili bu ilin aprel ayının 2-də Bakı şəhərində keçirilən Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı razılaşdırılıb və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dərinləşdiriləsi, ictimai qurumlar və gənclər təşkilatları arasında dialoqun genişləndirilməsi məqsədini daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR