Bank Of Baku

Təhsil naziri Hindistan səfiri ilə görüşüb

Təhsil naziri Hindistan səfiri ilə görüşüb
# 26 sentyabr 2012 15:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil naziri Misir Mərdanov Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Azərbaycanla Hindistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıb. İki ölkə arasında mövcud olan dostluq ənənələrinə toxunan nazir elm və təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb və birgə elmi konfrans və simpoziumların keçirilməsini təklif edib.

V. Kumar Azərbaycanla Hindistan arasında elm və təhsil sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Ölkəsinin ali təhsil ocaqları, elmi-tədqiqat müəssisələri haqqında ətraflı məlumat verən qonaq birgə elmi konfrans və simpoziumların keçirilməsi təklifini dəstəkləməyə hazır olduqlarını söyləyib. Hindistanın nüfuzlu ali təhsil müəssisələrinin məzunlarının hazırda dünyanın tanınmış şirkətlərində çalışdıqlarını nəzərə çatdıran səfir Azərbaycanla tələbə mübadiləsinin aparılmasında da maraqlı olduqlarını qeyd edib.

Daha sonra görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR