Bank Of Baku

Arif Rəhimzadə: “Bələdiyyələr özlərinə aid olmayan torpaqlara aid sənədlər verir”

Arif Rəhimzadə: “Bələdiyyələr özlərinə aid olmayan torpaqlara aid sənədlər verir”
# 28 sentyabr 2012 12:34 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Əgər desəm ki, bu gün bələdiyyələrin hamısının fəaliyyəti yüksəkdir, bu düzgün olmazdı. Ancaq yaxşı işləyən bələdiyyələrimiz də var. Bir neçə il bundan əvvəlki dövrlə müqayisə etsək, əlbəttə, bələdiyyələrin fəaliyyətində müsbət dönüş çoxdur”. APA-nın xəbərinə görə, bunu YAP-ın rəsmi saytına müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri, partiya İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

O bildirib ki, bir sıra məsələlər yerli özünüidarə orqanlarından asılı deyil: “Məsələn, bələdiyyələr hələ də öz torpaqlarının sərhədlərini bilmir. Bu, həm şəhər, həm də kənd bələdiyyələrinə aiddir. Biz bu məsələni müvafiq orqanların qarşısında qaldırmışıq. Başa düşürük ki, bu çətin bir prosesdir. Buna baxmayaraq, bələdiyyələrin yaradıldığı ötən müddət ərzində bu işlərin görülməsinə başlanmalı idi. Digər məsələ odur ki, şəhər və bölgələrdə bələdiyyələr üçün ayrılan torpaqlar tam sənədləşdirilməyib. Ona görə də bir sıra hallarda bələdiyyələr özlərinə aid olmayan torpaqlara aid sənədlər verir. Sadaladığım məsələlər bələdiyyələrin fəaliyyətinə əngəllər yaradır. İnsanlarda da belə fikir yaranır ki, onlar işləmirlər. Bu qurumun qazanc yeri olmamalıdır. Yəni bələdiyyə ictimai əsaslarla əhaliyə xidmət etmək üçün yaradılıb. Qurumun üzvləri istəyirlər ki, məvacib alsınlar. Belə olan halda, əhalidən yığılan pul gərək məvacibə sərf olunsun. Ötən sessiyalarda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən bələdiyyə üzvü seçilənlərin sayından asılı olmayaraq, neçə nəfərin məvacib alması haqda məhdudiyyət qoyulub. Bələdiyyənin aparatı var və onlar məvacib almalıdır. Bələdiyyələrin əsas vəzifələrindən biri odur ki, bir sıra yerli sosial məsələlərin həllini öz üzərinə götürsün. MİS-lər ləğv olunduqdan sonra bu qurumun işlərini kim görəcək? İnsanlar, hər bir məhəllənin sakinləri gərək birliklər yaratsınlar və işlərə nəzarət etsinlər. Onlar abadlıq və digər məsələlərlə bağlı fəal olmalıdırlar. İndiyə kimi insanlar bəzi müraciətlərini MİS-lərə edirdilər. Hesab edirəm ki, bu məsələdə ictimai fəallıq artmalıdır. Birdən birə bələdiyyələrdən bütün işləri tələb etmək düzgün deyil. Bələdiyyələrin işlərində nöqsanların bir hissəsi də ictimai fəallığın zəif olmasından irəli gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR