Bank Of Baku

Gəncədə SOS Uşaq Kəndinin açılış mərasimi keçiriləcək

Gəncədə SOS Uşaq Kəndinin açılış mərasimi keçiriləcək
# 13 iyun 2007 09:42 (UTC +04:00)
İyunun 15-də saat 10:30-da Gəncə şəhərində “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasının yeni layihəsi olan Gəncə SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçiriləcək. Assosiasiyadan APA-ya verilən məlumata görə, tədbirdə “SOS Kinderdorf İnternational” təşkilatının rəhbər nümayəndələri, hökumət nümayəndələri, Gəncə şəhər rəhbərliyi və ictimaiyyətin təmsilçiləri iştirak edəcəklər.
Qeyd edək ki, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar təşkilat olan “SOS Kinderdorf İnternational”-ın təsisçiliyi ilə yaradılıb. Təşkilatla Azərbaycan hökuməti arasında razılaşma 1997-ci ildə imzalanıb. Təşkilatın məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailə tipli qayğını təmin etməkdən ibarətdir. Assosiasiyanın ilk layihəsi olan Bakı SOS Uşaq Kəndi prezident Heydər Əliyevin iştirakı ilə 2000-ci ildə istifadəyə verilib və hazırda burada 103 uşaq hərtərəfli qayğı ilə əhatə olunub.
Gəncə SOS Uşaq Kəndinin yaradılması haqqında qərar “SOS Kinderdorf İnternational” təşkilatı rəhbərlərinin 2001-ci ilin iyun ayında Azərbaycana səfəri zamanı qəbul edilib.
Gəncə şəhərinin Əhməd Cəmil küçəsində Uşaq Kəndinin inşası üçün 2,5 hektar torpaq sahəsi ayrılıb, Uşaq Kəndinin təməl daşı 8 may 2002-ci il tarixində keçirilib, tikinti işlərinə isə 2004-cü ilin sonlarında başlanıb. Uşaq Kəndinin xarici kommunikasiya xətlərinin inşası Azərbaycan höküməti tərəfindən maliyyələşdirilib. Tikinti işləri 2006-cı ilin əvvəlində sona çatıb və may ayından etibarən ailələr Uşaq Kəndindəki yeni evlərinə köçüblər. Uşaq Kəndi 14 Ailə evi və 6 yardımçı binadan ibarətdir. Hazırda 7 Ailə evində 29 uşaq tərbiyə alır. Gəncə SOS Uşaq Kəndinin nəzdində diş kabineti də yaradılıb. Kabinetin məqsədi Uşaq Kəndinin sakinləri ilə yanaşı, ətrafda yaşayan imkansız ailələrin, eləcə də qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına yüksək səviyyəli, ödənişsiz stomatoloji tibbi xidmət göstərməkdən ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR