Bank Of Baku

ANAMA-da NATO-nun Maddi-Texniki və Təchizat Agentliyinin baş meneceri ilə görüş keçirilib

ANAMA-da NATO-nun Maddi-Texniki və Təchizat Agentliyinin baş meneceri ilə görüş keçirilib
# 02 iyul 2007 13:26 (UTC +04:00)
Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Azərbaycanda səfərdə olan NATO-nun Maddi-Texniki və Təchizat Agentliyinin (NAMSA) baş meneceri Karl-Heinz Münznerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı qonaqlar ANAMA-nın apardığı cari işlər, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində agentlik və NAMSA tərəfindən həyata keçirilən Saloğlu layihəsi haqda məlumatlandırılıb. Tərəflər Saloğlu layihəsinin birinci və ikinci fazaları haqda müzakirələr aparıblar.
Qeyd edək ki, Ağstafa rayonunun Saloğlu kəndində 1991-ci ilin avqustunda baş vermiş yanğın və onu müşayiət edən dörd günlük partlayışlara qədər burada Sovet ordusunun Zaqafqaziyadakı ən böyük hərbi sursat anbarı yerləşirdi. Partlayış nəticəsində 138 saxlama yeri olan anbarın ərazisinə və ətraf əraziyə külli miqdarda partlamamış hərbi sursat səpələnib. Ərazinin sursat anbarından və partlayıcı maddələrdən təmizlənməsi işlərinə 2006-cı ilin əvvəlində başlanıb. Gün ərzində anbarın ərazisindən min və daha çox partlamamış hərbi sursat çıxarılaraq ANAMA-nın ləğvetmə meydançasında zərərsizləşdirilir. İyunun 1-nə qədər 5 457 309 kvadrat metr ərazi təmizlənib və 261 435 partlamamış hərbi sursat tapılıb, onlardan 75 164-ü zərərsizləşdirilib. Bununla da Saloğlu layihəsinin birinci fazasının təmizləmə əməliyyatları başa çatıb. İyunun 1-dən başlanan ikinci faza 16 ay davam edəcək. Ümümi dəyəri 440,000 avro təşkil edən Saloğlu layihəsinin ikinci mərhələsində yeraltı təmizləmə əməliyyatları həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR