Bank Of Baku

Quba rayonunda sahibkarla Təngəaltı Bələdiyyəsinin sədri arasında narazılıq yaranıb

Quba rayonunda sahibkarla Təngəaltı Bələdiyyəsinin sədri arasında narazılıq yaranıb
# 19 noyabr 2007 11:10 (UTC +04:00)
Azərbaycanın Quba rayonunda fəaliyyət göstərən “Təngə” MMC-nin təsisçisi Ayxanım Məmmədova Təngəaltı Bələdiyyəsinin sədri Məmməd Məmmədovun fəaliyyətindən narazıdır. Təsisçi APA-ya açıqlamasında bildirib ki, 2003-cü ildə Təngəaltı Bələdiyyəsinin qərarı ilə kənd təsərrüfatında istifadə olunmayan 20 hektar torpaq sahəsini 50 il müddətinə icarəyə götürüb və “Təngə” MMC-ni yaradıb. Turizmin inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində fəaliyyət göstərdiyini deyən A. Məmmədovanın sözlərinə görə, bu ilin yay mövsümündə müəssisədə istirahət edən 500-dək adama xidmət göstərilib: “Bundan başqa, həmin mal-heyvan saxlayırıq, meyvə əkib becəririk. İndiyədək yüzlərlə kilo süd, ət, meyvə, bal və s. kənd təsərrüfatı məhsulları əldə etmişik. Ancaq Məmməd Məmmədov bələdiyyə sədri seçiləndən sonra icarəyə götürdüyümüz torpağı əlimizdən almağa çalışır. Bizə aid olan torpağın 0,5 hektarını artıq başqasına satıb. Qardaşım Rzaqulu İsayevi şərlətdirərək tutdurub, ancaq yenə də sakit durmur. İndi də məni təqib etdirir”.
Məmməd Məmmədov isə APA-ya A. Məmmədovanın dediklərinin heç bir əsası olmadığını bildirib: “Onun qardaşının həbs olunması barədə qərarı məhkəmə verir, mən kiməm ki?.. Bu adamlar hər yerə məndən şikayət edirlər. Dörd ildir, torpağı icarəyə götürüblər, amma istifadə etmirlər, 20 hektar ərazi boş qalıb. Kənd camaatı da narazılıq edir ki, bu qədər insan işsiz, torpaqsız qalıb, 20 hektar ərazi isə istifadə olunmur. Məndə 105 kənd sakinin imzaladığı müraciət var. Həmin müraciətdə torpağın onlardan geri alınması istənilir”. Bələdiyyə sədri deyib ki, kənddə 700-dən çox əhali yaşayır, 205 təsərrüfat var. Bələdiyyənin isə cəmi 297 hektar torpağının olduğunu deyən sədr bildirib ki, bunun yalnız bir hissəsi istifadəyə yararlıdır: “Kəndin torpağının təxminən 10 faizini Ayxanım Məmmədova götürüb. Digər sakinlər isə qalan torpağı öz aralarında bölüşdürməlidirlər. Ayxanım Məmmədova həmin torpağı işlətsə, icarə haqqını ödəsə, yenə yola vermək olar. Torpağın 1 hektarının illik icarə haqqı 210 manatdır. 20 hektar torpağa görə Ayxanım Məmmədova isə bələdiyyəyə cəmi 200 manat ödəyir”. M. Məmmədov A. Məmmədovanın torpağı boş saxladığı üçün 3 min manat cərimə olunduğunu da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR