Bank Of Baku

Qarabağ bölgəsindəki internet klublarından daha çox kompüterlərdə oyun oynamaq üçün istifadə edilir

Qarabağ bölgəsindəki internet klublarından daha çox kompüterlərdə oyun oynamaq üçün istifadə edilir
# 21 yanvar 2008 07:21 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun bölgədə fəaliyyət göstərən internet klublarından istifadə edənlərin daha çox hansı sahəyə maraq göstərməsi ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, internet salonlarına gedənlərin əksəriyyəti məktəb yaşlı uşaq və yeniyetmədir. Azərbaycanın Ağdam rayonunun Əhmədağalar, Üçoğlan, Mahrızlı, Zəngişalı kəndlərində, Ağcabədi, Füzuli, Beyləqan və digər rayonlarında aparılan araşdırma göstərib ki, klublarda müştərilər istədikləri proqramlardan sərbəst şəkildə istifadə edirlər. Müştəriləri ən çox oyun proqramları maraqlandırır. Eyni vəziyyət bölgənin orta məktəblərində də müşahidə olunur. Bölgələrdə təhsil müəssisələrinin kompüterlə təchiz olunması müsbət hal kimi qiymətləndirilsə də, məktəblilər kompüterlərdən elm və biliklərini artırmaq üçün yox, oyun oynamaq məqsədi ilə istifadə edirlər. Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri də orta məktəblərdə dərs deyən informatika müəllimlərinin böyük əksəriyyətinin yaşlı olmasıdır. Çünki yaşlı kadrlar müasir kompüter proqramları haqqında məlumatsızdırlar. Ən acınacaqlı hal isə ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən məktəblərdə müşahidə olunur. Ucqar kəndlərdə şagirdlər təhsil müəssisələrində quraşdırılan kompüterlərə yalnız kənardan baxmaqla kifayətlənirlər. Çünki quraşdırılan avadanlıqlardan nə istifadə olunur, nə də bu texnika haqqında şagirdlərə məlumat verilir. APA-nın Qarabağ bürosunun kənd məktəblərində apardığı sorğuya əsasən, hər 10 şagirddən 5-i kompüter haqqında ümumi anlayışa malikdir, 3-ü bu texnikanın nə olduğunu bilmir. Digərləri isə ümumiyyətlə, kompüterə maraq göstərmir. Kompüterdən istifadə edə bilənlərin sayına gəlincə, ən yaxşı halda, hər 100 şagirddən 20-25 nəfəri bu bacarığa malikdir. Qarabağ bölgəsindəki ucqar kəndlərin əksəriyyətinə telefon xətti çəkilməyib. Bu isə onu göstərir ki, həmin kəndlərdə internetdən heç cür istifadə etmək mümkün deyil.
Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov APA-ya bildirib ki, rayon məktəblərinin kompüterləşməsi prosesinə gec başlandığından məktəblilərin bu avadanlıqdan necə istifadə etməsi ilə bağlı ətraflı araşdırma aparmaq mümkün olmayıb: “Ancaq belə bir problemin olması gözləniləndir. Çünki biz ilkin olaraq, Bakı, Sumqayıt və Abşeron məktəblərinin kompüterləşməsini həyata keçirmişik ki, həmin yerlərin təhsil müəssisələrində də hələ belə problem mövcuddur. Hazırda bu məsələ ilə bağlı Bakının məktəblərində monitorinq keçirilir. Bu il ərzində rayonlarda da şagirdlərin kompüterdən istifadə etməsi, eləcə də informatika müəllimlərinin bilik səviyyəsi, dərslərin necə keçirilməsi ilə bağlı araşdırma aparılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR