Ağdam rayonunun Xaçınçay qəsəbəsində yaranmış sel təhlükəsi aradan qaldırılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, əraziyə cəlb olunan xüsusi texnikalar vasitəsilə çayın öz məcrasına qaytarılması istiqamətində zəruri tədbirlər görülüb.
Ağdam Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə APA-nın yerli müxbirinə bildirib ki, profilaktik tədbirlər yalnız həmin ərazidə deyil, digər riskli istiqamətlərdə də davam etdirilir və təhlükə demək olar ki, tamamilə aradan qaldırılıb.
Sel nəticəsində qaz təchizatı dayandırılan 60 fərdi yaşayış evinə də təbii qazın verilişi bərpa olunub.
Bundan əlavə, ərazidə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbətçilik təşkil olunub.
***
18:36
Ağdamda Xaçın çayından sel keçib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Xaçın çayında suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub. Həmçinin sel nəticəsində qaz xəttinə ziyan dəyib.
Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür, vəziyyət nəzarətdə saxlanılır.