Azərbaycan aliminin keyfiyyətli kontentə ehtiyacı var.
APA xəbər verir ki, bunu “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”da AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib.
O bildirib ki, bu gün Azərbaycan aliminə sürətli internetlə yanaşı keyfiyyətli kontentə çıxış lazımdır:
“Avropa İttifaqında fəaliyyət göstərən alimlərin istifadə etdiyi elmi bazanın bizim üçün də əlçatan olması olduqca vacibdir. Avropa Birliyi ölkələrinin çox sayda elektron elmi kitabxanaları var. Onların qapısını Azərbaycan aliminin üzünə açmaq lazımdır”.
Akademik deyib ki, Azərbaycanın elm və təhsil müəssisələri AzScienceNet şəbəkəsi üzərindən 3GB/san sürətlə etibarlı internet trafiklə təchiz olunub. AzScienceNet şəbəkəsinin İdarəetmə Mərkəzi və infrastrukturun əhəmiyyətli dərəcədə təkmilləşdirilib və daha yüksək potensialla GEANT şəbəkəsinə inteqrasiyası təmin olunub.
Onun sözlərinə görə, hazırda ölkə üzrə elmi müəssisələrin yalnız 33%-i, ali təhsil müəssisələrinin isə 42%-i bu internet trafikindən istifadə edir.
Akademik ölkəmizin elm və təhsil ictimaiyyətinin EaPConnect layihəsinin imkanlarından kifayət qədər yararlana bilməməsinin səbəblərindən danışıb. O deyib ki, layihə çərçivəsində alınmış internet trafikindən 7/24 rejimində istifadə oluna bilinməməsi, mobil istifadənin təmin olunmaması, təklif olunan şəbəkə xidmətlərinin kommersiyalaşdırılması və s. kimi məsələlərin həll olunması üçün layihənin potensialından istifadə geniş imkanlar aça bilər:
“Bu gün Azərbaycanda alimlərin, müəllimlərin, tələbələrin qarşısında duran əsas problem internetə çıxış deyil, keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”.
R.Əliquliyev əlavə edib ki, Azərbaycan elm və təhsil ictimaiyyəti üçün ən mühüm məsələlərdən biri WoS, SCOPUS, Springer kimi beynəlxalq elmi bazalara çıxışın təmin olunması, ali təhsil müəssislərinin davamlı olaraq müasir dövrün çağırışlarına adekvat olan tədris materialları ilə təchiz olunması, Avropa Birliyi ölkələrinin universitetləri, elmi mərkəzlərinin e-kitabxanalarına çıxışına icazənin verilməsi, distant tədris texnologiyaların ölkəmizə transfer olunmasına dəstək göstərilməsi həlli vacib məsələlərdəndir.