Baş prokuror Kamran Əliyev ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay arasında keçirilən görüşdə 27–28 oktyabr tarixlərində Bakı şəhərində təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məsələləri müzakirə edilib, tədbirin təşkilati və məzmun baxımından yüksək səviyyədə keçirilməsi istiqamətində görülən və qarşıda duran vəzifələr nəzərdən keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, bunun davamı olaraq, iyunun 19-da Baş prokurorun müavini, tədbirin Təşkilat Komitəsinin sədri Heydər Məmmədovun rəhbərlik etdiyi komitə üzvləri ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib və qeyd olunan tədbirin təşkilinə dair əməkdaşlıq rəsmiləşdirilib.
Görüş zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən sistemli tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, şəffaflığın artırılması və dövlət idarəçiliyində hesabatlılığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələr barədə məlumat verilib.
Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanaraq, Azərbaycan Respublikasının təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərdə fəal iştirak etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Bakı şəhərində keçiriləcək üçüncü yüksək səviyyəli görüşə hazırlıq işlərinin planlı və sistemli şəkildə davam etdirildiyi, tədbirin yüksək təşkilati səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü bildirilib.
Tərəflər görüş çərçivəsində tədbirin təşkilati-logistik aspektlərini, o cümlədən iştirakçı tərkibi, nəqliyyat, təhlükəsizlik və protokol təminatı məsələlərini nəzərdən keçiriblər. Həmçinin tədbirin yüksək səviyyədə təşkili, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
57 üzv dövləti birləşdirən və Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq təşkilatı hesab olunan İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay Bakıda keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq işlərinin mütəşəkkil və yüksək səviyyədə aparıldığını qeyd edib. O, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayaraq, bu cür mötəbər tədbirlərin təşkilində ölkəmizin yüksək peşəkarlıq və təşkilati imkanlar nümayiş etdirdiyini bildirib.
Yousef Aldobeay qarşıdan gələn yüksək səviyyəli görüşün Azərbaycanın təşkilati potensialı və təcrübəsi sayəsində uğurla keçiriləcəyinə əminliyini ifadə edib, tədbirin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. O, həmçinin tədbirdə 300-dən çox xarici qonağın iştirakının gözlənildiyini diqqətə çatdırıb.
Müzakirələrin yekununda Heydər Məmmədov və Yousef Aldobeayi cari ilin 27–28 oktyabr tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq tədbirlərinə dair əməkdaşlıq sənədini imzalayıb.