Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” beynəlxalq elmi konfrans keçirilib.
APA xəbər verir ki, beynəlxalq konfransda ölkənin tanınmış elm adamları, ictimai xadimlər və xarici ölkələrdən dəvət almış qonaqlar iştirak edib.
Konfrans Dövlət Himninin və Vətən Müharibəsi şəhidlərinin ədəbi ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Beynəlxalq konfransı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açıb və konfransın əhəmiyyətindən danışıb:
"Bu il Şərşünaslıq fakültəsinin 100 yaşı tamam olur. Bu fakültə elə məhz BDU ilə bərabər yaranıb. Fakültə bu illər ərzində neçə-neçə görkəmli alimlər, elm adamları yetişdirib. Şərqi öyrənmək, keçmişdən bizə miras qalan qədim əlyazmalarda gizlənən həqiqətləri açmaq, tarixin qapalı səhifələrinə işıq tutmaq məhz şərqşünasların öhdəsinə düşür. Bu gün Şərq-Qərb mədəniyyətlərinin dialoqu olduqca böyük əhəmiyyət kəsb edir".
Elçin Babayev yaxın illərdə fakültənin əhatə dairəsinin daha da genişlənəcəyini vurğulayıb:
"Biz tələbələrimizin kadr kimi yetişməsinə, təcrübə əldə etməsinə xüsusi diqqət göstəririk. O səbəbdən, xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrimizi genişləndiririk. Və bu gün konfrans çərçivəsində artıq bir sıra universitet rəhbərləri ilə əməkdaşlıq müqavilələrinin, ikili diplom proqramlarının həyata keçirilməsi haqqında qərara gəlmişik".
Akademik Rafael Hüseynov şərqşünaslıq elminin vacib tərəflərini diqqətə çatdırıb:
"Şərqşünaslıq fakültəsi və bu fakültənin dalğasında yaranan elm böyük bir millət körpüsüdür. Bu körpü və bu elm xalqımız üçün, millətimiz üçün öz tarixinə baxmaq üçün gözlük rolunu oynayıb".
Daha sonra ölkənin tanınmış elm və ictimai xadimləri, həmçinin universitetlərin sözçüləri, xarici qonaqlar konfransla bağlı məruzələrlə çıxışlar edib, təbriklərini çatdırıblar.
Çıxışlar yekunlaşdıqdan sonra 9 xarici ölkədən (Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Pakistan, İraq, Polşa, Macarıstan), o cümlədən respublikanın bir çox ali təhsil müəssisələri, elmi qurumlarından olan tədqiqatçıların və görkəmli şərqşünas məzunların iştirakı ilə keçirilən beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam edib.
Beynəlxalq konfrans öz işinə sabah da davam edəcək.