Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Türkiyənin Şanlıurfa şəhəri yaxınlığında yerləşən “Göbəklitəpə” arxeoloji abidəsinə həsr olunan “Daş Təpələr: Sivillizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilib.
APA xəbər verir ki, seminarı giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Azərbacanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də geniş əməkdaşlığın mövcudluğunu və hazırda bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. AMEA prezidenti qeyd edib ki, hazırda elm sahəsində Türkiyənin təcrübəsinin öyrənilməsi, ortaq tədbirlərin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Sonra İstanbul Universititenin professoru Necmi Karul və dosent Eyləm Özdoğan Türkiyədə Daş təpələr layihəsi çərçivəsində həyata keçirilən qazıntılar, qədim sivilizasiyalarla bağlı dəyərli həqiqətlər üzə çıxaran Göbəklitəpə, Karahantəpə abidələri və Sayburc qabartmaları haqqında məlumat verdilər. Göbəklitəpə haqqında danışan professor Necmi Karul 12 min il öncəyə aid olan bu abidənin insanların ətraf aləmlə necə əlaqə qurması haqqında səhih təsəvvurlər oyatdığını bildirib. Onun sözlərinə görə, 250 hektar ərazini əhatə edən Göbəklitəpə abidəsi 1963 – cü ildə kəşf olunub, 2018-ci ildə isə dünyanın mədəni irs siyahısına daxıl edilib.
Bu abidənin Türkiyənin turizm potensialına da böyük tövhələr verdiyini qeyd edən professor yalnız bu ilin on ayı ərzində abidəni bir milyon insanın ziyarət etdiyini vurğulayıb.
Elmi seminar müzakirələrdən sonra başa çatıb. Seminarda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva da iştirak edib.