“Psixiatrik yardım haqqında” qanuna dəyişikliklə ictimai təhlükəsizliyi təmin edən mexanizm yaranacaq.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova bildirib.
Deputat deyib ki, müzakirəyə çıxarılan “Psixiatrik yardım haqqında” qanuna təklif olunan dəyişikliklər təkcə psixiatrik yardım haqqında deyil, bu, insan hüquqlarının qorunmasını, eləcə də cəmiyyətin təhlükəsizliyini əhatə edən qanun layihəsidir:
“Sənəd hüquqi boşluqların aradan qaldırılması, operativ qərar qəbulunun təmin edilməsi, eləcə də psixiatriya xidmətlərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Tibb mütəxəssisi deyiləm, amma vaxtilə İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin müvafiq komissiyasına sədrlik etdiyim və fəaliyyətim dövründə çox mürəkkəb hallarla qarşılaşmışam. Bəzən ailələr müxtəlif səbəblərdən şəxsin psixi sağlamlıq vəziyyəti barədə bütün məlumatları təqdim etmirdilər. Hətta təqdim olunan tibbi sənədlər də həmin şəxsin real vəziyyətini tam əks etdirmirdi. Məqsədim kimisə ittiham etmək deyil. Valideynləri başa düşürəm. Onlar övladlarının təhsil almaq, işləmək və cəmiyyətə inteqrasiya etmək imkanlarını itirməsini istəmirlər. Eyni zamanda valideynlər cəmiyyətin qınağından ehtiyatlanır. Lakin biz başqa bir həqiqəti də qəbul etməliyik. Gizlədilən məlumat bəzən həm həmin şəxsin, həm də ətrafındakı insanların təhlükəsizliyi üçün ciddi risk yarada bilər. Qanunun məqsədi günahkar axtarmaq deyil, bu risklərin qarşısını vaxtında almaqdır.
Bu baxımdan elektron sağlamlıq kartının yaradılması çox mühüm addımdır. Hesab edirəm ki, bu sistem yüksək səviyyədə məlumat təhlükəsizliyi ilə yanaşı, müxtəlif tibb müəssisələri arasında operativ informasiya mübadiləsini, eyni zamanda düzgün diaqnostikanı və müalicənin davamlılığını təmin edəcək. Beləliklə, ictimai təhlükəsizliyi təmin edən mexanizm yaranacaq”.
Nigar Məmmədova qeyd edib ki, müalicədən imtinanın elektron qaydada qeyd olunması da mühüm dəyişiklikdir: “Ancaq gələcəkdə təkcə imtina faktı deyil, onun səbəbləri də qiymətləndirilməlidir. Çünki müalicəni həkimin qərarı ilə başa vuran insanla, heç bir tibbi əsas olmadan müalicəni yarımçıq dayandıran şəxs eyni vəziyyətdə deyil. Bu yanaşma həm həkimlər, həm də sonradan həmin şəxslə işləyəcək təhsil, sosial xidmət və digər müəssisələr üçün daha dolğun qiymətləndirmə imkanı yaradar. Məcburi tibbi tədbirlərin tətbiq olunduğu şəxslərin digər pasiyentlərdən ayrılması barədə dəyişiklik də vacibdir. Bu, cəza deyil. Bu, həm digər pasiyentlərin, həm tibb işçilərinin, həm də xəstənin özünün təhlükəsizliyinə xidmət edən müasir yanaşmadır. Bununla yanaşı hesab edirəm ki, gələcək islahatlarda üç məsələyə də xüsusi diqqət yetirilməlidir. Birincisi, psixi sağlamlıq sahəsində çalışan həkimlərin peşəkar hazırlığı davamlı şəkildə gücləndirilməlidir. Çünki güclü qanun yalnız güclü kadrlarla effektiv işləyə bilər.
İkincisi, psixiatrik yardım təkcə müalicə ilə bitməməlidir. Müalicədən sonra reabilitasiya, sosial adaptasiya və cəmiyyətə reinteqrasiya sistemi daha da inkişaf etdirilməlidir. İnsan yalnız xəstəxanadan çıxmaqla sağalmır. Onun normal həyata qayıtmasına dəstək də olmalıdır və burada da peşəkar kadrların olması vacibdir. Bu xüsusda peşəkar multidissiplinar qrupun dəstəyinə ehtiyac var. Bu gün dünyanın qabaqcıl ölkələrində də ən effektiv model multidissiplinar komandadır.
Üçüncüsü isə cəmiyyətdə psixi xəstəliklə bağlı mövcud stereotiplərin aradan qaldırılması istiqamətində maarifləndirmə işi gücləndirilməlidir. İnsanlar diaqnozu gizlətməyə məcbur olmamalıdırlar. Bu xüsusda valideynlərlə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Onlar bilməlidirlər ki, vaxtında müraciət etmək utanılacaq hal deyil, məsuliyyətli addımdır. Çünki xəstəliyi gizlətmək problemi həll etmir, əksinə, həm ailə, həm də cəmiyyət üçün riskləri artırır”.