“Bu, dinc aksiyadır. Biz yalnız ekologiyanı qorumağı tələb edirik. Biz Rusiya sülhməramlılarının komandanı Volkovun diqqətini bu məsələyə cəlb etmək istəyirik ki, bu ədalətsizlik dayandırılsın. Ekoloji terrorun dayandırılmasını tələb edirik”.
Bunu Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada keçirilən etiraz aksiyasının iştirakçısı, ekoloji fəal Zəminə Zamanova APA-nın müxbirinə açıqlamasında deyib.
O, təbiəti qorumağa çağırıb: “Mədənlər qeyri-qanuni istismar olunur. Qeyri-qanuni istismarla yanaşı, ətraf mühit, hava, su mənbələri, torpaq da çirkləndirilir. Bizim yeganə tələbimiz ondan ibarətdir ki, qeyri-qanunu fəaliyyət və ətraf mühitin çirkləndirilməsi dayandırılsın.
Bizim tələbimizi eşitsinlər, Azərbaycana məxsus torpaqlarda mədənlərin qeyri-qanuni istismarını dayandırsınlar. Biz Qarabağda yaşayan erməniləri də bizə qoşulmağa, bizim tələblərimizə dəstək verməyə çağırıram. Çünki onlar da Azərbaycan vətəndaşlarıdır. Təbiətə ziyan vurulması dayandırılmalıdır”.