Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr informasiya əldə etmək, ünsiyyət qurmaq və asudə vaxtlarını keçirmək üçün sosial platformalardan geniş istifadə edirlər. Bununla yanaşı, rəqəmsal mühitdə mövcud olan risklər, uşaqların müxtəlif təhlükələrlə üzləşməsi ehtimalını da artırır.

Milli Məclisin deputatı Elnarə Akimova APA-ya açıqlamasında bildirib ki, parlamentə təqdim olunan qanun layihəsinin əsas məqsədi rəqəmsal mühitdə uşaqların hüquq və qanuni mənafelərinin daha effektiv qorunmasını təmin etmək, sosial şəbəkələrdən təhlükəsiz istifadə mexanizmlərini gücləndirmək və bu sahədə hüquqi tənzimləməni müasir çağırışlara uyğunlaşdırmaqdır.
Rəqəmsal təhlükələrə qarşı hüquqi müdafiə mexanizmi yaradılır
Deputat qeyd edib ki, son illərdə sosial şəbəkələr vasitəsilə uşaqların zərərli informasiyaya məruz qalması, kibertəqib, psixoloji zorakılıq, şəxsi məlumatların qanunsuz toplanması və müxtəlif manipulyativ təsirlərlə üzləşməsi halları dünya miqyasında ciddi narahatlıq doğurur:
“İnternet və sosial şəbəkələr böyük imkanlar yaratmaqla yanaşı, müəyyən təhlükələr də meydana çıxarır. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınmadan rəqəmsal platformalara çıxış əldə etməsi onların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan dövlətin əsas vəzifələrindən biri müasir texnologiyaların imkanlarından istifadə etməklə uşaqların təhlükəsizliyini təmin etməkdir. Qanun layihəsi məhz bu məqsədə xidmət edir və Azərbaycanda rəqəmsal mühitdə uşaq hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsasını qoyur”.
Beynəlxalq təcrübəyə uyğun yanaşma tətbiq edilir
Elnarə Akimova qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin diqqətlə öyrənildiyini və beynəlxalq standartların nəzərə alındığını söyləyib: “Bir sıra inkişaf etmiş dövlətlər artıq sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətləri tətbiq edirlər. Xüsusilə Avstraliyada qəbul edilmiş “Onlayn təhlükəsizlik haqqında” qanun bu sahədə mühüm nümunələrdən biridir. Həmin qanunda da sosial platformalarda qeydiyyat üçün minimum yaş həddi 16 yaş müəyyən olunub. Azərbaycan da bu istiqamətdə beynəlxalq təcrübəni nəzərə alaraq milli hüquqi mexanizmlər formalaşdırır.16 yaş həddinin müəyyənləşdirilməsi uşaqların inkişaf xüsusiyyətləri, psixoloji hazırlıq səviyyəsi və rəqəmsal təhlükələrin xarakteri nəzərə alınmaqla seçilmiş balanslı yanaşmadır”.
Onun sözlərinə görə, qanun layihəsinin ən mühüm yeniliklərindən biri 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yarada bilməməsidir: “Bu norma uşaqların zərərli məzmunlardan qorunmasına xidmət edir. Bu gün bir çox sosial platformalarda yaş məhdudiyyətləri formal xarakter daşıyır və praktikada onların tətbiqi effektiv deyil. Yeni qanun layihəsində isə yaşın müəyyən olunması üçün konkret texniki mexanizmlər nəzərdə tutulur. Şəxsin bəyan etdiyi yaşın müxtəlif vasitələrlə yoxlanılması və təsdiqlənməsi tələb olunur. Bu, uşaqların yaşlarını saxtalaşdıraraq platformalara daxil olmasının qarşısını almağa imkan verəcək. Yaşın yoxlanılması zamanı istifadə edilən texniki vasitələr insan hüquqlarına və fərdi məlumatların qorunması prinsiplərinə uyğun olmalıdır”.

Valideyn nəzarəti gücləndirilir
Elnarə Akimova qeyd edib ki, qanun layihəsində 16-18 yaş qrupu ilə bağlı xüsusi yanaşma müəyyən edilib.
“Layihəyə əsasən, 16-18 yaş arasında olan şəxslər sosial şəbəkələrdə hesab yarada biləcəklər. Lakin bu proses valideyn və ya digər qanuni nümayəndənin razılığı və nəzarəti altında həyata keçiriləcək. Bu yanaşma həm uşaqların rəqəmsal imkanlardan faydalanmasına şərait yaradır, həm də onların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Valideynlər uşaqların istifadə etdiyi məzmunların dairəsini, reklamların növünü və platformadan istifadə müddətlərini müəyyən edə biləcəklər. Bu mexanizm ailə institutunun rolunu gücləndirir. Çünki uşaqların internetdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasında valideyn nəzarəti mühüm əhəmiyyət daşıyır”.

Platformalara ciddi öhdəliklər qoyulur
Deputat bildirib ki, qanun layihəsi yalnız istifadəçilərlə bağlı deyil, həm də sosial şəbəkə platformalarının məsuliyyətini artıran mühüm müddəaları özündə ehtiva edir: “Platforma provayderləri uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi texniki və təşkilati tədbirlər görməyə borclu olacaqlar. Platformalar uşaqların fiziki və psixi sağlamlığına zərər verə biləcək məzmunların yayılmasının qarşısını almalıdırlar. Bundan əlavə, manipulyativ dizayn üsullarından istifadə məhdudlaşdırılır. Məsələn, istifadəçini uzun müddət platformada saxlamağa yönəlmiş sonsuz sürüşdürmə mexanizmləri və ya videoların avtomatik işə düşməsi kimi funksiyaların tətbiqi ilə bağlı ciddi tələblər müəyyən edilir. Bu yanaşma uşaqlar arasında rəqəmsal asılılığın qarşısının alınmasına xidmət edir”.
Şəxsi məlumatların qorunması prioritet olacaq
Elnarə Akimova nəzərə çatdırıb ki, qanun layihəsinin mühüm istiqamətlərindən biri də fərdi məlumatların qorunmasıdır: “Yaşın yoxlanılması məqsədilə toplanan məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya kommersiya məqsədləri üçün istifadəsi qadağan edilir. Platformalar həmin məlumatları yoxlama prosesi başa çatdıqdan dərhal sonra silməlidirlər. Bu, vətəndaşların şəxsi həyat toxunulmazlığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Rəqəmsal təhlükəsizlik yalnız məzmunun tənzimlənməsi ilə məhdudlaşmır, eyni zamanda şəxsi məlumatların qorunmasını da əhatə etməlidir”.

Zərərli məzmuna qarşı operativ müdaxilə mexanizmi yaradılır
Deputat diqqətə çatdırıb ki, qanun layihəsində uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına və digər hüquqlarına təhlükə yaradan məzmunların qarşısının alınması ilə bağlı xüsusi mexanizmlər nəzərdə tutulur: “Platformalar fasiləsiz rejimdə fəaliyyət göstərən rəqəmsal nəzarət sistemləri qurmalı və təhlükəli məzmun aşkar olunduğu andan etibarən maksimum 24 saat ərzində onun yayılmasının qarşısını almalıdırlar. Bu tələb uşaqların təhlükəsizliyinin operativ şəkildə təmin olunmasına xidmət edir. Müasir dövrdə informasiya çox sürətlə yayıldığından belə hallara gecikmiş müdaxilə ciddi nəticələrə səbəb ola bilər”.
Xarici platformaların Azərbaycanda hüquqi məsuliyyəti artırılır
Elnarə Akimova bildirib ki, qanun layihəsində xarici sosial şəbəkə platformalarının Azərbaycandakı fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi də nəzərdə tutulur: “Azərbaycan istifadəçilərinə xidmət göstərən platformalar ölkəmizdə qeydiyyatdan keçməli, əlaqə mərkəzi yaratmalı və dövlət qurumlarının sorğularına operativ cavab verməlidirlər. Bu yanaşma beynəlxalq praktikada da geniş tətbiq olunur və rəqəmsal suverenliyin təmin edilməsinə xidmət edir. Qanunvericiliyin tələblərini yerinə yetirməyən platformalar üçün maliyyə sanksiyaları və digər məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulur”.
İnzibati məsuliyyət mexanizmi formalaşdırılır
Deputatın sözlərinə görə, qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə olunması platformaların məsuliyyətinin artırılmasına yönəlib: “Əgər platformalar yaşın yoxlanılması, təhlükəsizlik tədbirlərinin tətbiqi, fərdi məlumatların qorunması və ya dövlət orqanlarının sorğularının cavablandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməsələr, onlara qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunacaq. Bu isə qanunun icra mexanizmlərini daha təsirli edəcək”.
Elnarə Akimova qeyd edib ki, qanun layihəsində keçid müddəaları da nəzərdə tutulub: “Qanun dərc edildikdən sonra dərhal qüvvəyə minməyəcək. Platformalara yeni tələblərə uyğunlaşmaq üçün kifayət qədər vaxt veriləcək. Bu müddət ərzində onlar yaşın müəyyən olunması və təhlükəsizlik mexanizmlərinin tətbiqi ilə bağlı texniki imkanlar yaratmalı olacaqlar. Bu yanaşma qanunun praktik tətbiqini daha effektiv edəcək”.
Sağlam rəqəmsal mühitin formalaşmasına mühüm töhfə
Elnarə Akimova hesab edir ki, qanun layihəsinin qəbul edilməsi Azərbaycanda uşaqların rəqəmsal hüquqlarının müdafiəsi sahəsində mühüm addım olacaq:
“Bu təşəbbüsün əsas məqsədi sosial şəbəkələrdən istifadəni məhdudlaşdırmaq deyil, onu daha təhlükəsiz və məsuliyyətli etməkdir. Qanunun qəbul edilməsi uşaqların rəqəmsal mühitdə hüquqlarının qorunmasına, zərərli informasiyadan müdafiəsinin gücləndirilməsinə, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına xidmət edəcək. Ən vacibi isə odur ki, gələcək nəslin sağlam, təhlükəsiz və məsuliyyətli rəqəmsal mühitdə formalaşmasına mühüm töhfə veriləcək”.