“Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası təsdiq edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilir ki, qərarla təsdiq edilmiş Qayda illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində və tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında məcburi təyin olunan və enerjinin səmərəli istifadəsinə məsul şəxs - enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyası mexanizmini müəyyən edir.
Bu Qaydaya uyğun olaraq energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə azı 3 (üç) il iş təcrübəsi olan şəxslər attestasiyadan keçdikdən sonra enerji idarəçisi (meneceri) kimi təyin edilə bilərlər.
Attestasiya müsahibə formasında, Attestasiya proqramı əsasında həyata keçirilir. Attestasiya zamanı namizədə Attestasiya proqramı əsasında tərtib edilmiş suallar toplusundan kənar sualların verilməsi yolverilməzdir.
Attestasiya zamanı namizədə verilən suallar aydın olmadıqda, namizədin həmin sualları aydınlaşdırmaq hüququ vardır.
Attestasiya başa çatdıqdan sonra müsahibə ilə bağlı Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.
Attestasiya zamanı verilən sualların ən azı 70 faizini doğru cavablandıran namizəd attestasiyadan keçmiş hesab olunur. Bu tələbə uyğun gələn namizədlərin sayı iki və daha artıq olduqda ən yüksək nəticə əldə etmiş namizədə üstünlük verilir, nəticələr bərabər olduqda isə, namizədlərin təhsil səviyyəsi, əlavə təhsilinin olması, iş təcrübəsi nəzərə alınmaqla Komissiya tərəfindən səsvermə yolu ilə müəyyən edilir. Namizədlərin nəticələri bərabər olduğu halda Komissiyanın qərarları komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici sayılır. Komissiyanın sədri axırıncı səs verir. Komissiyanın iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.
Komissiyanın qərarı namizədə qərar qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində elan edilir.
Komissiya hər namizəd üçün bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş formada attestasiya vərəqəsi doldurur.
Attestasiya vərəqəsi namizədin enerji idarəçisi (meneceri) vəzifəsinə təyin edilməsi üçün tələb olunan təsdiqedici sənəddir və enerji idarəçisinin (menecerinin) şəxsi işində saxlanılır.
Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxədə tərtib olunan attestasiya vərəqəsində qeyd edilir və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır.
Namizəd attestasiyanın nəticəsi ilə razı olmadıqda qərarın ona təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.