Bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfransda çıxış edən STM İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, bu il oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətli görüntüsü ətrafında yaradılan ajiotaj qələbəmizə zərbə vurmaq məqsədi daşıyır.
STM İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli müharibə aparıb: “44 günlük müharibə əsl Nürnberq Məhkəməsi oldu. Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bunun özü də terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, indiyə qədər bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildəki qəhrəmanlarının əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı gərək bu erməni cinayətkarları mühakimə edəydi. Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır”.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov nəzərə çatdırıb ki, 2020-ci ilin oktyabr ayında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib: “2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim edib. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, biz bu sadədə də qələbə qazanacağıq. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək, Ermənistanın təzminat ödəməsi barədə qərar qəbul edəcək”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, ermənilərin müharibə cinayətləri Azərbaycana qarşı asimmetrik müharibənin məntiqi nəticəsidir.
Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov qeyd edib ki, son dövrdə sosial şəbəkələrdə əsir kimi götürülməsi iddia olunan bir neçə erməni hərbi qulluqçunun qətlə yetirilməsi və onların meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə hələ ki, mənbəyi məlum olmayan bir neçə videonun yayılmasını az qala Azərbaycan dövlətinin “soyqırımı siyasəti” kimi qələmə verirlər: “Baş Prokurorluğun nümayəndəsi kimi bəyan edirəm ki, Azərbaycan hüquqi dövlətdir və yayılmış hər bir video ilə bağlı dərhal reaksiya bildirilir. Həmin faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb, hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir. Əgər videoda əks olunduğu kimi iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktının olması öz təsdiqini taparsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər. İstintaqın gedişinə hər hansı bir dövlətin və beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz. Bir məqamı qeyd edim. Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri tərəfimizdən ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq. Niyə bunlara reaksiya vermirlər?”.
“Azərbaycan torpaqlarında Ermənistanın hərbi cinayətləri” mövzusunda çıxış edən Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov deyib ki, Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayətlərini təsdiq edir: “Əminik ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq, çünki Birinci Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımız itkin düşüb”.
Tədbir çıxışlarla davam edib.