Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına dəstək olmaq, habelə Nazirliyin müvafiq qurumlarının fəaliyyəti ilə onları yerində tanış etmək olub.
Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən Bakı Avropa Liseyinin 5-ci sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər.
Əvvəlcə, Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon Yanğından Mühafizə Hissəsində olan məktəblilərə yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Daha sonra məktəblilər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə səfər edərək, idarənin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə “112” qaynar telefon xəttinin təyinatı, fəaliyyət prinsipləri, qaynar xəttə müraciət üçün əsaslar barədə geniş məlumat verilib. Həmçinin, uşaqlar baş vermiş hadisə barədə qaynar xəttə zəngin daxil olması və hadisə barədə məlumatı qəbul edən əməkdaşın fəaliyyətini real şəraitdə izləyiblər.
Məktəblilərdə dərin təəssürat yaradan “açıq qapı” günündə onları maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq məktəblilər üçün Nazirliyin müxtəlif qurumlarında “açıq qapı” günləri keçirilir.