İnfarkt keçirənlərin müalicəsi ilə bağlı yeni layihə hazırlanır.
APA xəbər verir ki, bunu 4-cü İnvoziv Kardiologiya konqresində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Kardiologiya Cəmiyyəti və Səhiyyə Nazirliyi arasında bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır: "Bunların sırasında elmi əsaslı, həkimlərimizin bilik səviyyəsini yüksəltməyə yönələn layihəmiz ilk yerdə dayanır. Bundan əlavə, infarkt keçirən vətəndaşların İcbari Tibbi Sığorta çərçivəsində yeni metodla müayinə və müalicəsini ehtiva edən layihəmiz də həyata keçiriləcək. Burada məqsəd Azərbaycan xalqının ömrünün uzunluğunu artırmaqdır".
O əlavə edib ki kardioloji ağır xəstələrin müalicəsi və bəzən də onlara erkən müdaxilə edilməsi üçün zamanla bağlı problemlər olur: “Bu cür xəstəliklərdə isə zaman olduqca önəmli faktordur. Yeni layihəmiz ilə bu problemi aradan qaldırmağa çalışacağıq. Xüsusilə infarkt xəstələrində itirilən vaxt xəstənin həyatını təhdid altında qoyur. Məqsəd bu vaxtı daha da qısaltmaqdır”.
O əhali arasında ən çox ölümə səbəb olan xəstəliklərdən də danışıb.
"Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə ürəyin işemik infarktı dayanır", - Üzeyir Rəhimov deyib.