Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, iyunun 15-də başlanması nəzərdə tutulan Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar yalnız uzun və mürəkkəb prosesin ilk mərhələsidir.
APA xəbər verir ki, hökümət başçısı bunu videomüraciətində deyib.
Onun sözlərinə görə, bu proses uzun illər davam edə bilər və Kiyev öhdəliklərini yerinə yetirmədiyi halda dayandırılacaq.
Magyar qeyd edib ki, Zakarpatyadakı macar azlığının hüquqlarının bərpası ilə bağlı əldə olunmuş razılaşmadan sonra Budapeşt Ukrayna ilə üzvlük danışıqlarının başlanmasına etirazını geri götürüb.
Baş nazir vurğulayıb ki, Ukrayna macar azlığının hüquqlarına dair ikitərəfli sazişin müddəalarını Aİ-yə inteqrasiya üzrə fəaliyyət planına daxil edib.
Onun sözlərinə görə, bundan sonra Kiyevin bu sahədə öhdəliklərinin icrasına Avropa Komissiyası və Avropa Şurası da nəzarət edəcək.
“Əgər Ukrayna macar azlığının hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməsə, üzvlük prosesində irəliləyə bilməyəcək”, - deyə Magyar bildirib.