14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşkilatçılığı ilə tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə dövlət qurumlarının, özəl müəssisələrin, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, fəal qan donorları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev ölkədə qan donorluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb.
O bildirib ki, son illərdə könüllü və təmənnasız qan donorluğuna maraq əhəmiyyətli dərəcədə artıb, bu isə qan ehtiyatlarının davamlı formalaşdırılmasına və minlərlə xəstənin müalicəsinə mühüm töhfə verir.
Daha sonra dövlət qurumlarının nümayəndələri çıxış edərək, qan donorluğunun cəmiyyət üçün əhəmiyyətindən, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirlərindən və qurumlararası əməkdaşlığın rolundan bəhs ediblər.
Tədbirin bədii hissəsində "Natiq" Ritm Qrupunun çıxışı təqdim olunub. Səhiyyə Nazirliyi Respublika Qan Bankının fəaliyyətinə həsr edilmiş təqdimat və videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində qan donorluğunun təşviqində fərqlənmiş müəssisələrə təşəkkür və təltiflər təqdim olunub. Mükafatlandırılanlar arasında "APA Media Group" da var.