MM komitə sədri: 2040-cı ilə kimi çayların sululuğunun 15-25 faiz azalma ehtimalı var

MM komitə sədri: 2040-cı ilə kimi çayların sululuğunun 15-25 faiz azalma ehtimalı var
# 28 fevral 2024 10:17 (UTC +04:00)

Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Aqrar siyasət komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədr bildirib ki, respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir: “Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil. Proqnozlara görə ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var.

Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Başqa bir misal, sayğaclaşma hələdə başa çatmayıb, 90 faizdir. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR