Ötən illə müqayisədə Azərbaycana miqrasiya xeyli artıb. Pandemiyanın son dövrlərinə qədəm qoyulması, bir sıra məhdudiyyətlərin götürülməsi və dünyada baş verən geosiyasi proseslər buna öz təsirini göstərir.
Ənənəvi olaraq yenə də Azərbaycana gələnlərin sayına görə Rusiya birinci yerdə qərarlaşır. Ötən il Rusiyadan ölkəmizə 258 min nəfər gəlmişdisə, bu ilin 9 ayında bu rəqəm 309 min nəfər olub. İlin sonuna qədər Rusiyadan gələnlərin sayının daha da artacağı istisna edilmir. Bununla yanaşı, diqqət çəkən məqam ondan ibarətdir ki, Pakistan və Hindistandan gələnlərin sayında da bir neçə dəfə artım var. Ötən il Pakistandan ölkəmizə 2940 nəfər səfər etmişdisə, bu ilin 9 ayı ərzində onların sayı 37 525 nəfər olub. Həmçinin 2021-ci ildə Hindistandan ölkəmizə 5695 nəfər gəlmişdisə, bu ilin 9 ayında gələnlərin sayı 36 070 nəfər təşkil edib.
Digər tərəfdən, ilin əvvəli ilə müqayisədə də Azərbaycana bu ölkələrdən gələnlərin sayı xeyli artıb. Belə ki, bu ilin birinci rübündə Hindistandan ölkəmizə 2869, ikinci rübdə 12 658, üçüncü rübdə isə 20 543 nəfər gəlib. Eyni zamanda birinci rübdə Pakistandan Azərbaycana 4987, ikinci rübdə 12 963, üçüncü rübdə isə 19 575 nəfər gəlib. Bu ilin yanvarında əgər Hindistandan 478 nəfər gəlmişdisə, sentyabrda onların sayı 8626 olub. Pakistandan isə cari ilin birinci ayında 331 nəfər gəlmişdisə, sentyabrda gələnlər 5432 nəfər təşkil edib.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da ötən illə müqayisədə xeyli artım olduğunu deyib.
O bildirib ki, xüsusən Azərbaycan gələn Rusiya vətəndaşlarının sayı faktiki olaraq durmadan artır: “İlin əvvəlində Ukraynaya hərbi müdaxilə başlayan zaman Qərb ölkələri tərəfindən Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq olunmasına başlanıldı. Bu isə bir çox şirkətin ölkəni tərk etməsinə və iş yerlərinin bağlanmasına gətirib çıxardı. Həm Rusiyada əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin, həm də ölkə vətəndaşlarının vəziyyəti çətinləşdi. İqtisadi sanksiyalar tətbiq olunmağa başlayanda Azərbaycana axınlarda da artımlar müşahidə edilməyə başladı. Çünki bəzi şirkətlərin fəaliyyəti qonşu ölkələrə, o cümlədən də Azərbaycana keçirilirdi”.
Ekspert qeyd edib ki, sentyabrın 21-də qismən səfərbərliyin elan olunması da çox sayda insanın Rusiya ərazisini kütləvi şəkildə tərk etməsinə səbəb olub: “Bir sıra rəqəmlər səsləndirilir. Bəzi qonşu dövlətlərdə 300 minə yaxın Rusiya vətəndaşının məskunlaşdığı bildirilir. O cümlədən Azərbaycana gələn Rusiya vətəndaşlarının sayında da artım hiss olunmaqdadır. Son iki həftədə Azərbaycana 10-15 min Rusiya vətəndaşının gəldiyi ehtimal olunur”.
Azər Allahverənov Pakistan və Hindistandan ölkəmizə gələnlərin sayında da artım olduğunu vurğulayıb. Pandemiya ilə əlaqədar quru sərhədlərinin bağlı olmasını xatırladan İctimai Şuranın sədri bildirib ki, noyabrın 1-dən sonra xüsusi karantin rejimi uzadıla da bilər, uzadılmaya da: “Əgər karantin davam edərsə, ölkədə qalma müddəti bitən və çıxmaqda çətinlik çəkən miqrantlar yenidən Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Bu zaman müvafiq tövsiyələr veriləcək. Əsas odur ki, ölkə ərazisində qeyri-qanuni əsaslarla yaşamasınlar”.
Azərbaycanda miqrantlara iş və yaşayış icazələrinin alınması istiqamətində xidmətlərin göstərilməsi ilə daha çox “Norma” Hüquq Mərkəzi məşğul olur. Mərkəzin direktoru, hüquqşünas Şamil Paşayev APA-ya açıqlamasında miqrantların, əsasən, hansı məsələlərlə bağlı müraciət etdiklərini və onlara nə kimi köməkliklər göstərildiyini diqqətə çatdırıb: “Azərbaycanda xarici tələbələrin sayı ildən-ilə artır. Bu da öz növbəsində miqrasiya ilə bağlı müraciətlərə öz təsirini göstərir. Bundan başqa, biznes sahəsində çalışmaq, yeni iş yeri açmaq istəyən miqrantlar çoxalıb. Xüsusən, Hindistan, Pakistan və son dönəmlərdə Rusiyadan gələn miqrantların sayında artım müşahidə olunur. Hindistandan, Pakistandan gələn tələbələr öz mətbəxlərinə aid yeməklər istədikləri üçün onların yerli mətbəxlərini təqdim edən restoranların da sayı artır. Həmin restoranlarda çalışan aşpaz və digər şəxslərin miqrasiya məsələsi ortaya çıxır. Eyni zamanda Qarabağda gedən yenidənqurma işləri ilə bağlı xarici investorlar ölkəmizə gəlir. Xarici işçilərin sayı artdığı üçün müvəqqəti və daimi yaşamaq icazəsi kimi müraciətlər də çoxalır. Miqrasiya sahəsində 1 illik müvəqqəti, eyni zamanda 5 illik yaşamaq icazəsi istəyənlər çoxluq təşkil edir. İş icazəsi almaq üçün şəxslərin yaşayış, qeydiyyat yerləri olmalıdır. Bu, həm hotel və hostellər, həm də kirayə qaldıqları evlər ola bilər. Bunun üçün də həmin məkanların rəsmi icazəsi olmalıdır”.
Şamil Paşayev qeyd edib ki, “Norma” Hüquq Mərkəzi Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərə iş icazəsinin, ölkəmizdə yaşamaq istəyən xarici vətəndaşlara yaşayış icazəsinin alınmasında hüquqi yardım xidmətləri göstərir: “Eyni zamanda, miqrasiya prosesində yaranmış problemli məsələlərə baxılması, onların araşdırılması və qanunvericiliyə uyğun qaydada həll yolunun tətbiqi də tərəfimizdən icra edilir. Miqrasiya fəaliyyətinin özündə əks etdirdiyi bütün məsələlərlə bağlı, o cümlədən əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olması və ya işə götürülməsi üçün sənədlərin hazırlanması, alınması və yenilənməsi, Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı məsələsinə dəstək, vizaların alınması prosesinə yardım və ya mövcud vizaların uzadılması, daimi və ya müvəqqəti yaşamaq üçün icazə və vətəndaşlıq alınması, ikili vətəndaşlıq məsələlərində hüquqi məsləhətlər, vətəndaşlığa müraciət məsələsində hüquqi yardım, miqrasiya məsələlərində yaranmış problemlər zamanı dövlət orqanlarında müştərilərin təmsil olunması, inzibati hüquq pozuntularının və cinayət işlərinin araşdırılması zamanı vəkil ilə təmin olunma kimi xidmətlər göstərilir”.