Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Ailə, qadın və uşaq məsələləri komitələri “Qanunvericilikdə qadın sahibkarlığı: İmkan və perspektivləri” mövzusunda dinləmə təşkil edib.
APA xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, gələcəkdə sahibkarlıq fəaliyyəti ilə qanunvericiliyə hansısa əlavə və dəyişiklik etmək lazım olacaq.
Onun sözlərinə görə, sahibkarlığın qadın və kişi tərəfi yoxdur: “Ancaq biz çox istəyirik ki, qadın sahibkarların sayı daha da artsın. Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmasından sonra bu imkanlar daha da artıb”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə Azərbaycanda qadın sahibkarlığın inkişafına dəstək verəcəklərini diqqətə çatdırıb: “Regionlarda, o cümlədən Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova qeyd edib ki, qadın sahibkarlara müəyyən güzəştlərə dair qanunvericiliyə dəyişiklik edilməlidir.
İctimai dinləmədə çıxış edən qadın sahibkarlar üzləşdikləri çətinliklərdən danışıb, qanunvericiliyə bir sıra dəyişikliklər təklif ediblər.
Daha sonra ictimai dinləmə sualların cavablandırılması ilə davam edib.
***
saat 11.01
Milli Məclisdə “Qanunvericilikdə qadın sahibkarlığı: İmkan və perspektivləri” mövzusunda dinləmə keçirilir.
APA xəbər verir ki, dinləmə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə iclasının gündəliyinə daxil edilib.
Dinləmədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, deputatlar, müvafiq sahə ekspertləri və digər şəxslər iştirak edir.