Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab ediləcək:
- böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 1 il keçdikdə;
- az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 2 il keçdikdə;
- ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 6 il keçdikdə;
- xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 8 il keçdikdə.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.