Son illərdə sosial media insanların gündəlik həyatının mühüm hissəsinə çevrilib. Xüsusilə Instagram, TikTok və Facebook kimi platformalarda istifadəçilər daha çox uğurlu, xoşbəxt və diqqətçəkən anlarını paylaşırlar. Bloggerlər tərəfindən paylaşılan dəbdəbəli həyat, səyahətlər, nailiyyətlər və estetik görüntülər sosial mediada çox insan tərəfindən izlənir və reallıq kimi qəbul olunur.
Lakin bu paylaşımlar hər zaman real həyatın tam mənzərəsini əks etdirmir. Gündəlik problemlər, çətinliklər və uğursuzluqlar adətən arxa fonda gizlədilərək ictimai şəkildə nümayiş olunmur. Bu isə sosial mediada formalaşan “ideal həyat” obrazının reallıqdan fərqlənməsinə səbəb olur.
Belə bir mühitdə xüsusilə gənclər öz həyatlarını sosial mediada gördükləri görüntülərlə müqayisə edirlər. Bu müqayisə isə bəzi hallarda özünə inamın azalmasına, psixoloji gərginliyin artmasına və hətta intahara qədər gətirib çıxara bilir. Bir çox yeniyetmə və gənclərin "trend" adı altında bir çox təhlükəli addımlar atması təhlükənin görünəndən daha böyük olduğunu açıq şəkildə göstərir.
Məsələ ilə bağlı psixoloq Dilruba Həsənova isə belə izah verir: "Biz sosial mediada həyatın özünü yox, onun səhnələşdirilmiş versiyasını görürük. Orada hər şey səliqəlidir, estetikdir, uğurludur. Amma insan beyni bunu “seçilmiş kadr” kimi yox, “real həyat” kimi qəbul edir. Problem də buradan başlayır.
Sosial psixologiyada müqayisə mexanizmi deyilən bir anlayış var. İnsan istər-istəməz özünü başqası ilə ölçür. Bu normaldır. Amma mən öz həyatımın bütün çətinliklərini yaşayıram, qarşı tərəfin isə yalnız filtrdən keçmiş hissəsini görürəm. Bu isə qeyri-bərabər müqayisədir. Və nəticədə daxildə ziddiyyət yaranır.
Bir məqam da var – təsdiq ehtiyacı. İnsan sosial varlıqdır, qəbul olunmaq istəyir. Amma bu qəbul “like”la ölçüləndə dəyər də xaricə bağlanır. Xarici təsdiq azalanda insanın özünə münasibəti də zəifləyir. Yəni problem sosial mediada deyil, dəyərin mənbəyinin dəyişməsindədir.
Daha diqqətlə müşahidə edəndə görürük ki, Müasir insan “olmaq”dan çox “görünmək”lə məşğuldur. Biz artıq necə yaşadığımızdan çox, necə göründüyümüzü düşünürük. Halbuki psixoloji sağlamlıq daxili bütövlükdür, ictimai imic deyil.
Xüsusilə yeniyetmələr üçün bu daha həssasdır. Çünki kimlik hələ yeni formalaşır. Əgər kimlik virtual təsdiq üzərində qurulursa, ən kiçik rədd olunma belə ciddi psixoloji təzyiq yarada bilər.
Mənim fikrimə görə: ideal həyat anlayışı özü bir illüziyadır. Həyat ideal deyil, həyat canlıdır. Orada həm zəiflik var, həm yorğunluq, həm də böyümə. Psixoloji sağlamlıq isə o demək deyil ki, insan daim xoşbəxtdir. Psixoloji sağlamlıq insanın öz reallığını qəbul etməsidir , hansı ki , orda kənar müdaxilə ilə şişirdilmiş düşüncələr yox, mənəvi inkişaf var".
Laləzar Məmmədova