Şuşada, xüsusilə Cıdır düzündə tarixi izlərin qorunması vacibdir, turistlər tərəfindən qayalara müxtəlif yazıların yazılması və bu məkanlara zərər vurulması yolverilməzdir.
APA-nın Qarabağ bürosuna açıqlamasında Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, 44 günlük Vətən müharibəsində tək oğlu ilə birlikdə döyüşmüş və döyüş əməliyyatlarından birində ayağını itirmiş Kamil Duniyev belə halların qəbuledilməz olduğunu bildirib.
Kamil Duniyev qeyd edib ki, bu cür halların qarşısının alınması üçün dəfələrlə tədbirlər görülüb, qaydalara əməl etməyən şəxslər cərimələnib və onlara müvafiq izahat verilib.
“Lakin buna baxmayaraq, bu cür hallar hələ də davam edir. İşğaldan azad olunmuş ərazilərdə daş və qayaların üzərinə boya və digər vasitələrlə yazıların yazılması, eləcə də ərazilərin çirkləndirilməsi qəbuledilməzdir. Xüsusilə şəhid qanı tökülmüş, Azərbaycanın tarixi abidələrinə və tarixi məkanlarına çevrilmiş ərazilərdə hər hansı yazının yazılması, təbiətin pozulması böyük qayda pozuntusudur. Bunu təkcə qazilər, şəhid ailələrinin üzvləri və döyüşçülər deyil, hər kəs qınamalıdır. Bu, qınanılası məsələdir”, – o bildirib.
Qazi xüsusilə belə halların Şuşada, o cümlədən Cıdır düzündə baş verməsindən məyus olduğunu vurğulayıb.
“Bu halın Şuşada törədildiyini eşidəndə çox məyus oldum. Xüsusilə Cıdır düzündə Azərbaycanın qəhrəman oğullarının izləri, Şuşanın azad olunması zamanı atılan güllə və mərmilərin izləri canlı tarix kimi yaşamaqdadır. Belə bir məkanda qayalıqlara adların yazılması yolverilməzdir. Şuşada, Laçında və digər işğaldan azad olunmuş ərazilərdə belə halların baş verməsi qəbuledilməzdir”, – Kamil Duniyev əlavə edib.