Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan 2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda beynəlxalq seminar-treninq keçirilib.
APA-nın xəbərinə görə, tədbirin həmtəşkilatçısı Ukrayna Milli Texniki Universiteti - “Kiyev Politexnik İnstititu”dur.
Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru E.Babayev bildirib ki, Azərbaycanda elmin inkişafı artıq elə mərhələyə çatıb ki, elm daha geniş spektrdə tətbiq olunmalıdır: “Elmlə iqtisadiyyat arasında körpü möhkəmlənməlidir. Eyni zamanda elmi nəticələr özü artıq maliyyə gətirməyə başlamalıdır. Gələcəkdə bu istiqamətdə müntəzəm addımlar atılacaq”.
İcraçı direktor deyib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elm və istehsal arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlərin yaradılması qarşıya qoyulan vəzifələrdəndir. Qabaqcıl dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması prosesi yaxın illərdə tamamlanacaq.